Azərbaycanda ali məktəblərə sənəd verənlərin sayı açıqlandı

Azərbaycanda ali məktəblərə sənəd verənlərin sayı açıqlandı backend

Bu il ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə 87932 nəfər abituriyent sənəd verib. Onlardan 54 475-i bu ilin, 33457 nəfər əvvəlki illərin məzunlarıdır. Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Komissiya sədri bildirib ki, bu il imtahanlarda iştirak edəcək oğlan abituriyentlərin sayı çoxdur. Sənəd verən abituriyentlərin 38 810-u qız, 41 552-i nəfəri isə oğlandır.

Cari ilin məzunları arasında Azərbaycan bölməsi üzrə oğlanların sayı 25 871 nəfər, rus bölməsi üzrə 2 901 nəfərdir. Əvvəlki illərin məzunları arasında Azərbaycan bölməsi üzrə oğlanların sayı 15 681 nəfər, rus bölməsi üzə 679 nəfərdir.

Bu il rus bölməsi üzrə sənəd verən abituriyentlərin sayı 7 570 nəfərdir. Onlardan 5 669-u bu ilin, 1 901- i isə əvvəlki illərin məzunlarıdır.

M.Abbaszadə qeyd edib ki, TQDK bu il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaratdığı elektron bazaya inteqrasiya olunub: "Bu il hərbi xidmətdən möhlət alaraq ərizələrini təsdiqləyən abituriyentlərin sayı 765 nəfər olub. Onlardan 501-i ərizəsini elektron formada təsdiqləyib. Belə abituriyentlərin sayı ildən-ilə artacaq. Hərbi qulluqdan qayıdan məzunlar barədə məlumat bu bazaya daxil olandan sonra gələcəkdə bu işlər tam avtomatik qaydada həyata keçiriləcək".

M.Abbaszadə onu da bildirib ki, aprel ayından başlayan və ölkənin 57 regionunda keçirilən sınaq imtahanlarında təxminən 200 minə yaxın insan iştirak edib. Virtual sınaq ımtahanlarına isə 2 074 nəfər qatılıb. Sınaq imtahanlarında iştirak edən 75 483 nəfərdən yalnız 50 872-si I-IV qruplara sənəd verib, 25 min nəfər ali məktəblərə sənəd verməyib: "Məsələni araşdırdıq və məlum oldu ki, sınaq imtahanlarında çox zaman 10-cu sinif şagirdləri də iştirak edərək öz biliklərini sınayırlar. Sınaq imtahanlarında iştirak edənlərdən 42 291-i bu ilin məzunu, 8 mini isə əvvəlki illərin məzunlarıdır. Əvvəlki illərin məzunlarından 33 457 nəfər ərizə verib ki, onlardan 8 mini sınaq imtahanlarında iştirak edib. Hələlik əlimizdə olan 3 sınaq imtahanlarının nəticəsinə əsasən deyə bilərik ki, abituriyentlərin bilik səviyyələri əvvəlki illərlə eynidir".
Diaspora