“20 il əvvəl Azərbaycana səfər edənlər Bakının acınacaqlı vəziyyətdə olduğunu görürdülər. İndi isə Bakı tamamilə dəyişib. Bakıda neft gölləri təmizlənib, ətraf mühit yaxşılaşdırılıb. Bu, resurslarımızın sahibi olduğumuz üçün mümkün olub”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı söyləyib.Dövlət başçısı bildirib ki, 70 il əvvəl Azərbaycan müstəqil olsaydı, bu gün daha zəngin ölkə olardı: “Enerji təhlükəsizliyimiz, öz sərvətlərimizə arxalanmağımız iqtisadi inkişafımızın əsasını təşkil edir. Bu gün Azərbaycan coğrafi mövqeyindən yararlanır, nəqliyyat mərkəzidir. Xəzərdə ən böyük - 25 milyon ton yük qəbul etmək qabiliyyətinə malik liman tikilir. Bakı-Tiflis-Qars dəmiryolu xətti dəmir “İpək Yolu” olacaq”.
Prezident onu da bildirib ki, bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquq və ədaləti qoruyub: “Dostlarımız və tərəfdaşlarımızın sayəsində Azərbaycan uğurlu enerji siyasəti yürüdüb. Bizim nəhəng sərvətlərimiz olsa da, sərmayəyə, infrastruktura ehtiyacımız vardı. Azərbaycanın açıq dənizə çıxışı yoxdur, ona görə də borular çəkməli idik. Biz tarixdə ilk dəfə Xəzər dənizini Aralıq və Qara dənizlə birləşdirdik, Azərbaycan enerji xəritəsini ilk dəfə dəyişdirdi”.
Prezident bəyan edib ki, enerji təhlükəsizliyi bu gün təbii qaz sərvətləri ilə bağlıdır və Azərbaycan bu prosesdə aparıcı ölkədir: “Biz TANAR və TAP-ın təşəbbüskarı olmuşuq. Cənub Qaz Dəhlizi ən böyük infrastruktur layihəsidir, 45 milyard dollar tələb olunur. Cənub Qaz Dəhlizinin inşası başa çatdıqdan sonra 100 il Avropanın, qonşularımızın enerji təchizatçısı olacağıq. Siyasətimiz regional əməkdaşlığın təşviqinə yönəlib. Biz qarşılıqlı faydalı prinsiplərlə əməkdaşlığa üstünlük veririk. Biz heç vaxt enerji resurslarımızdan təzyiq vasitəsi kimi istifadə etməmişik, tranzit və istehlakçı ölkələri dəstəkləmişik”.