Nazirlik “Təhlükəsiz iş aylığı”nın yekunlarını açıqlayıb

Nazirlik “Təhlükəsiz iş aylığı”nın yekunlarını açıqlayıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, Dövlət Əmək Müfəttişliyi Xidməti “Təhlükəsiz iş aylığı”nın yekunlarını açıqlayıb.

Fuad Əlizadə: “İşçilərin həyat və sağlamlığı üçün təhlükə doğuran əmək şəraitinin mövcud olduğu 6 müəssisədə işlər aşkar olunan nöqsanlar aradan qaldırılana qədər dayandırılıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar ötən ay Azərbaycanda elan olunmuş “Təhlükəsiz iş aylığı”nın yekunlarına dair mətbuat konfransı keçirib. F.Əlizadə Xidmət tərəfindən nəzarət tədbirləri ilə yanaşı, əməyin mühafizəsi məsələlərinə işəgötürənlərin diqqətinin artırılması üçün maarifləndirici və qabaqlayıcı tədbirlərə də xüsusi önəm verildiyini vurğulayıb: “Hələ 2014-cü ilin sentyabr ayından başlayaraq ölkədə ilk dəfə “Təhlükəsiz iş həftəsi”, bu il yanvarın 26-dan fevralın 5-dək isə “Təhlükəsiz iş ongünlüyü” keçirilib. Cari il aprel ayının “Təhlükəsiz iş aylığı” elan edilməsi də bu yöndə tədbirlərin davamı olmaqla, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində mövcud nöqsanların aradan qaldırılmasına, işçi əməyinin təhlükəsizliyi ilə bağlı işəgötürənlərin sosial məsuliyyətinin artırılmasına xidmət edib”.

Aylıq çərçivəsində konkret Tədbirlər Planı əsasında aparılan işləri diqqətə çatdıran F.Əlizadə bildirib ki, bu dövrdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, Lənkəran, Şəki, Quba, Bərdə, İmişli, Qazax rayonlarında yerləşən 12 iri müəssisənin işəgötürənləri və əmək kollektivləri ilə görüşlər keçirilib. Bu görüşlər zamanı onlara əmək qanunvericiliyi, əməyin mühafizəsi norma və standartları, qaydaları, istehsalat qəzalarının qarşısının alınması profilaktikası barədə dolğun məlumatlar verilib. Habelə işəgötürənlərin və işçilərin əməyin mühafizəsi ilə bağlı sualları cavablandırılıb, eləcə də əməyin mühafizəsi tələblərinin pozulmasına görə işəgötürənlər üçün qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri onların nəzərinə çatdırılıb. Həmin müəssisələrdə yaradılmış əmək şəraitlərinə baxış olub, onlara müvafiq hüquqi-praktik izahatlar verilib. Xidmət rəisi qeyd olunan dövrdə tikinti obyektlərində, eləcə də mişar, dekorativ və üzlük daşlarının istehsalı sahələrində (daş karxanalarında), yəni istehsalat qəzası riski yüksək olan iş sahələrində əmək şəraitinin təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə nəzarət tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb: “Təhlükəsiz iş aylığı” çərçivəsində ümumilikdə 49 müəssisədə əməyin mühafizəsi vəziyyətinə nəzarət tədbiri həyata keçirilib. Onu da bildirim ki, hələ cari ilin əvvəllərində digər müəssisələr kimi, bu müəssisələrə də rəsmi məktubla müraciət olunaraq, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verilib, bu sahədə vəziyyətin araşdırılacağı bildirilib. Buna baxmayaraq, onlardan 28-də sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı hüquq pozuntuları aşkar edilib. Həmin hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən ümumilikdə 52500 manat məbləğində cərimələr tətbiq olunub. Daha ciddi hüquq pozuntularının aşkar edildiyi və işçilərin həyat və sağlamlığı üçün təhlükə doğuran əmək şəraitinin mövcud olduğu, digər tərəfdən qeyri-leqal işçilərin işə cəlb olunduğu 6 müəssisədə (daş karxanasında) Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarının iştirakı ilə birgə dövlət nəzarəti tədbirləri həyata keçirilib və bu müəssisələrdə işlər aşkar olunan nöqsanlar aradan qaldırılana qədər dayandırılıb”.

F.Əlizadə ötən dövrdə görülən tədbirlər nəticəsində bir sıra mişar, dekorativ və üzlük daşlarının istehsalı ilə məşğul olan müəssisələrdə müsbət istiqamətdə müəyyən işlərin görüldüyünü qeyd edib: “Mişar, dekorativ və üzlük daşlarının istehsalı ilə məşğul olan 18 müəssisədə (daş karxanasında) nöqsanların aradan qaldırılması yönündə artıq müəyyən işlər görülüb. Əvvəllərdə həmin müəssisələrdə işçilər üçün nəinki sanitar-gigiyenik şərait yox idi, hətta yemək və soyunub-geyinmə üçün otaqlar belə mövcud deyildi. Bu gün isə onlarda müvafiq işlər görülməklə, həmin dözülməz şərait aradan qaldırılıb, işçilər üçün zəruri otaqlar yaradılıb, onlar fərdi mühafizə vasitələri ilə təmin olunublar, istehsal qəzalaraının qarşısının alınması üçün önləyici tədbirlər görülüb”.

Xidmət rəisi əmək qanunvericiliyinə əməl olunmasına, o cümlədən əməyin mühafizəsinə dövlət nəzarətinin güclənməsinin, işçilər və işəgötürənlər arasında mütəmadi məlumatlandırma tədbirlərinin müsbət nəticələrini qeyd edib: “Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 40 faiz azalaraq 33-ə, bu hadisələr nəticəsində xəsarət alanların sayı 49 faiz azalaraq 25 nəfərə, ölənlərin sayı isə 50 faiz azalaraq 8 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə qeydə alınıb, lakin bu ilin birinci rübündə belə hadisə baş verməyib”. O, istehsalatda baş verən bədbəxt hadisələrin səbəblərinin əsasən hündürlükdən yıxılma, sürüşmə (büdrəmə), zərbə nəticəsində və s. ilə bağlı olduğunu qeyd edib.

F.Əlizadə həyata keçirilən dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 3327 hüquq pozuntusunun aşkar edildiyini nəzərə çatdırıb: ”Əmək qanunvericiliyinin daha çox özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında pozulduğu müəyyən edilib. Aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tətbiq olunmuş cərimələrin 50,07 faizi (414 697 manat) dövlət büdcəsinə ödənilib. Bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 37901 manat və ya 10,05 faiz çoxdur”.

Cari ilin ilk rübündə 1758 vətəndaş müraciətinin araşdırıldığını da bildirən F.Əlizadə əlavə edib ki, bu müraciətlər araşdırılarkən vətəndaşların əmək hüquqlarının pozulması ilə bağlı aşkar edilən halların aradan qaldırılması üçün dərhal müvafiq tədbirlər görülüb: “Bu dövrdə Xidmət gecikdirilmiş 103481 manat məbləğində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib ki, bu məbləğin 75841 manatı (73,2%) əmək haqlarından, 5440 manatı (5,2%) zərərə görə ödənclərdən, 22200 manatı (21,4%) sosial müavinət və kompensasiyalardan ibarət olub. Həmçinin işdən qeyri-qanuni azad olunan 7 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib”.

Ötən ilin ortalarında istifadəyə verilən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən söz açan F.Əlizadə cari ilin 24 aprel tarixinə olan məlumata əsasən, bu sistemə 2 milyon 156 min əmək müqaviləsi bildirişinin daxil edildiyini bildirib. O həmin bildirişlərin 1,56 milyon ədədinin (72,4 faiz) əmək müqaviləsinin bağlanması, 351 min ədədinin (16,3 faiz) əmək müqaviləsinə dəyişikliyin edilməsi, 243,6 min ədədinin (11,3 faiz) əmək müqaviləsinə xitamın verilməsi ilə bağlı olduğunu nəzərə çatdırıb: “Hazırda sistemdə aktiv əmək müqaviləsi bildirişlərinin sayı 1257251 ədəddir. Onların 661216 ədədi kişi, 596035 ədədi isə qadın işçilər üzrədir. Yaş qrupları üzrə onlardan 1337 ədədi 15-18 yaş, 506485 ədədi 25-40 yaş, 305021 ədədi 53-65 yaş arasında olan, 24768 ədədi 65 yaşdan yuxarı, 419640 ədədi isə digər yaş qruplarında olan şəxsləri əhatə edir.

F.Əlizadə DƏMX tərəfindən ötən ilin noyabr ayından ölkədə ilk dəfə təşkil olunan əməyin mühafizəsi üzrə tədris kurslarından da söz açıb. O, bildirib ki, indiyədək müxtəlif müəssisələr üzrə artıq 349 nəfər mütəxəssis həmin kurslarda əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair təlim keçib və müvafiq sertifikatlar alıblar. Bu kurslarda əldə etdikləri bilik və təcrübə onların çalışdıqları müəssisələrdə əməyin mühafizəsinin təşkilinə müsbət təsir göstərir.

Tədbir KİV nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.
Diaspora