Bilik Günü Saatlı şəhər 3 saylı tam orta məktəbdə yüksək səviyyədə qeyd edilib

Bilik Günü Saatlı şəhər 3 saylı tam orta məktəbdə yüksək səviyyədə qeyd edilib backend

Dünən sentyabrın 15-də hər il olduğu kimi, Azərbaycanda Bilik Günü qeyd edilib. Səhər tezdən məktəbə - doğma ocağa tələsən şagirdlərin sevinci valideynlərin sevincinə qarışmışdı. Əllərində gül –çiçək dəstələri ilə məktəbə ilk qədəm qoyan şagirdlərin həyəcanı isə bir başqa aləm idi...

Paytaxtda olduğu kimi regionlarda da məktəblər 15 sentyabr - Bilik Gününə ciddi-cəhdlə hazırlaşıb. Belə məktəblərdən biri də Saatlı şəhər Cəfər Cabbarlı adına 3 saylı tam orta məktəbdir.





Məktəbin direktoru Cəfər Məmmədovun QAZİLER.AZ-a bildirdiyinə görə, əgər əvvəlki illərdə məktəbdə 160 şagird təhsil alırdısa, hazırda məktəbdə 255 şagirdin təhsil alması təmin edilib. 90 nəfər şagird məhz Cəfər müəllimin direktorluğu dövründə məktəbə qəbul edilib. Bu tədris ilində isə məktəbə 32 yeni şagird daxil olub.





Məktəbin nailiyyətlərindən söz açan direktor bildirir ki, bu il ötən illərlə müqayisədə ali məktəblərə daxil olanların sayı xeyli artıb. “Son 5 ildə məktəbimizdən ali təhsil ocaqlarına cəmi 3 məzun daxil olmuşdusa, təkcə bu il 10 nəfər məzundan 6 nəfəri ali məktəblərə daxil olub ki, bu da əvvəlki illərlə müqayisədə 60 faiz göstərici deməkdir. Bundan əlavə, şagirdlərimizin dərsə davamiyyəti də yüksək səviyyədə olub ki, bu da müəllimlərimizin fədakarlığının bariz nümunəsidir.





Müəllimlərimizdən tarix müəlliməsi Rüxsarə Səmədova Saatlı rayon təhsil şöbəsinin diplomu ilə təltif edilib.





Bu il məktəbimizdən Kimya fənni üzrə 7-ci siniflər arasında keçirilən Respublika Turunda bir şagirdimiz də iştirak edib və onun uğuru müəlliməsi Nəzakət Səfərovanın əziyyətinin bəhrəsidir”.

Direktorun dediyinə görə, Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı ilə keçirilən Şahmat üzrə Respublika Çempionatında məktəbin 3-cü sinif şagirdi Kamran Şükürov 1-ci yeri tutub.





Cəfər Məmmədovun QAZİLER.AZ-a bildirdiyinə görə, ötən tədris ilində məktəbdə bir-birindən maraqlı tədbirlər, açıq dərslər keçirilib ki, bu da şagirdlərin daha yaxşı təhsil almasına və dərsə davamiyyətinin artmasına səbəb olan amillərdəndir. “Təkcə onu qeyd etmək yerinə düşər ki, məktəbdə keçirilən tədbirlər silsiləsindən Molla Pənah Vaqifin yubileyi rayon ictimaiyyəti tərəfindən çox yüksək səviyyədə qiymətləndirilib ki, bu da bizim fəaliyyətimizə stimul verən amillərdəndir”.









Bu il nailiyyətlərin sayının daha da artacağı üçün səy göstərəcəklərini bildirən direktor Cəfər Məmmədov yeni tədris ilinin başlaması münasibətilə işlədiyi məktəbin müəllim və şagird kollektivini, eyni zamanda, bütün təhsil ocaqlarının müəllimlərini təbrik etməklə yanaşı, onlara uğurlar arzulamağı da unutmadı.

Sevda Elay Əsgərova
QAZİLER. AZ

Diaspora