Birinci Avropa Oyunlarının məşəli mayın 3-də Biləsuvar rayonundan Cəlilabada istiqamət götürüb. Məşəl Bakıdan 210 kilometr məsafədə yerləşən Cəlilabada günortadan sonra çatıb.
Trend-in məlumatına görə, Cəlilabad şəhərinin Qala qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.Boks üzrə yeniyetmələr arasında dünya ikincisi İsmayıl Hüseynov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra estafeti 10 cəlilabadlı davam etdirdi. Dörd kilometr məsafə qət edən idmançılar rayon sakinlərinin alqışlarının müşayiəti ilə Heydər Əliyev prospektindən keçərək məşəli Heydər Əliyev Seyrəngahına gətirdilər. Futbol üzrə rayon yığma komandasının üzvü Elçin Hüseynov burada qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırdı. Tələbə Gülşən Nəcəfovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər “Bakı-2015”in rəmzi kimi rayonda saxlanılacaq.
Məşəl səyahətinin 7-ci günü Cəlilabad şəhərinin Heydər Əliyev Seyrəngahında möhtəşəm Alov festivalı keçirildi. Festivalı maraqla izləyən sakinlər bununla bağlı təəssüratlarını paylaşdılar, idmançılarımıza uğurlar arzuladılar. Onlara birinci Avropa Oyunları haqqında ətraflı məlumatlar verildi, suallar cavablandırıldı.
Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Məşəl estafetinin iştirakçısı, məşqçi Ceyhun Ağamalıyev dedi: “Birinci Avropa Oyunlarının məşəl estafetinin bütün bölgələrimizə səyahət edəcəyini eşidəndə çox sevindim. Çünki bu, Azərbaycanın tərənnümüdür, böyük başlanğıcda ölkəmizin bütün bölgələrinin iştirakı, onların da töhfəsinin olması deməkdir. Oyunlar ölkəmizdə idmanın tam yeni müstəvidə inkişafına təkan verəcək və məşəl yürüşünün də bu işdə özünəməxsus rolu olacaq. Çünki o, böyük şövqlə qarşılanır. Nə gizlədim, məşəl estafetinə dəvət edilməyim mənim üçün gözlənilməz olmadı. Çünki bu günə qədər gördüyüm işə, çəkdiyim zəhmətə daim yüksək qiymət veriblər. Amma bu yürüşün, estafetin iştirakçısı olmaq, həqiqətən, tam fərqli hisslər doğurur. Buna görə çox xoşbəxtəm. Oyunlar zamanı idmançılarımıza yetərincə dəstək verəcəyik. Yarışları tribunalarda yetirmələrimlə izləyəcəyəm ki, bu ab-havanı, böyük yarış hissini indidən mənimsəsinlər”.
Rayon gənclər və idman idarəsinin rəisi Ramin Nuriyev Alov festivalının əsl idman bayramı olduğunu bildirərək dedi: “İlk dəfə keçirilən Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir və hər birimizdə qürur doğurur. İdmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar Azərbaycanı idman ölkəsi kimi tanıdıb. İnanıram ki, idmançılarımız bizi birinci Avropa Oyunlarında da yeni qələbələrlə sevindirəcəklər”.
Şagirdləri ilə yürüş iştirakçılarını qarşılamağa gələn Cəlilabad rayonunun Sabirabad kənd tam orta məktəbinin müəllimi Vüsalə Babayeva isə sevincini bu sözlərlə ifadə etdi: “Biz tarixi bir hadisənin iştirakçılarıyıq. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır. Hamımız sevinirik. Bizə bu sevinci bəxş edən Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Beləcə, sayca üçüncü Alov festivalı da “Bakı-2015”in daha bir unudulmaz xatirəsinə çevrildi. Mayın 4-də məşəl karvanı Salyan və Neftçalaya yollanacaq.