Misirin Qahirə və Ayn-Şəms universitetlərində Ədəbiyyat fakültəsinin Şərq dilləri, o cümlədən Azərbaycan dili ixtisası üzrə təhsil alan yerli tələbələr arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda yazı müsabiqəsi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi və Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin birgə təşkil etdiyi müsabiqədə 29 yaşınadək olan 16 gənc iştirak edib. Onlardan 4 nəfəri müsabiqənin qalibi elan edilib.
Müsabiqənin yekunları ilə əlaqədar diaspor təşkilatının ofisində keçirilən tədbirdə iştirakçılara diplomlar təqdim edilib. Qaliblər isə Azərbaycanın Gənclər və İdman, Xarici İşlər Nazirliklərinin dəstəyilə Azərbaycana bir həftəlik səfərlə mükafatlandırılıb.
Tədbirdə Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin müşaviri Azər Abbas və “Vətənpərvər”- Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri tədqiqatçı alim Seymur Nəsirov çıxış edərək belə müsabiqələrin keçirilməsinin Azərbaycanla Misir arasında bütün sahələrdə olduğu kimi elm, təhsil, mədəniyyət, gənclərlə iş sahəsində də əlaqələrin daha da inkişaf etdirilməsi, ölkələrimizin yaxından tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar.
Misirli gənclərin Azərbaycan dilini öyrənməsinin dolayısıyla ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası, turizm potensialı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Misir ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.