500 minə yaxın şəxs aylıq və birdəfəlik sosial müavinət alıb

500 minə yaxın şəxs aylıq və birdəfəlik sosial müavinət alıb backend

Son bir ildə respublikada aylıq və birdəfəlik sosial müavinət ödənilən şəxslərin sayı 454 411 nəfər təşkil edib.

QAZİLƏR.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 338 216 nəfəri (74,4%) aylıq, 116 195 nəfəri (25,6%) isə birdəfəlik sosial müavinət alanlar olub.
Hesabat dövründə Azərbaycan Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunan aylıq sosial müavinətlərin məbləği 21,6% artırılıb. Həmçinin, dövlət başçısının 27 dekabr 2013-cü il tarixli Fərmanı ilə 1 yanvar 2014-cü il tarixdən etibarən yeni sosial təminat növü kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının hər birinə görə 30 manat məbləğində aylıq sosial müavinətin təyin olunmasına başlanılıb. Hazırda ölkə üzrə 2 954 nəfər qadının 18 yaşına çatmamış 8 794 nəfər uşağı bu müavinətlə təmin olunur.

Qeyd edək ki, ƏƏSMN tərəfindən sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın təmin olunmasına xüsusi diqqət yetirilir. Sosial müavinət və təqaüdlərə dair məlumatlar xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanıb. Sosial müavinət və təqaüd təyin olunanların siyahısı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölməsində müvafiq ad altında təqdim olunur. Ölkədə sosial müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə aparılır.
Diaspora