Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə yanğınların söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınlar tam nəzarət altına alınıb.
Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahından Lent.az-a verilən məlumata görə, hazırda bəzi tüstülənmə mənbələrinin söndürülməsi üçün zəruri tədbirlər görülür. Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunub.Əlavə məlumat veriləcək.
***
15:50
Bir neçə gün əvvəl Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyinin Abrıx, Dandıx, Solquca kəndləri ətrafındakı meşə sahələrində baş vermiş yanğının 80 faizi Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının səyləri nəticəsində söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda bir-birindən aralı məsafələrdə yerləşən kiçik közərtilərin söndürülməsi işləri Dandıx-Tikanlı, Dandıx-Solquca istiqamətlərində davam etdirilir.
Xatırladaq ki, baş vermiş yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf rayonlardakı meşə müəssisələrinin, qoruq və milli parkların, o cümlədən mərkəzi aparatın əməkdaşları artıq 5 gündür ki, ərazidədir.
Təxirəsalınmaz və operativ tədbirlər davam etdirilir.
ETSN-də dəyən ziyanı dəqiqləşdirmək və nəticələri aradan qaldırmaq üçün tədbirlər görülür.