Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Yelisey Sarayında Fransa prezidentinin diplomatik müşaviri Jak Odiber ilə görüşüb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüş zamanı həmsöhbətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və Fransanın bü kontekstdə son təşəbbüsü, həmçinin, Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin indiki durumu və gələcək perspektivlərinə dair geniş fikir mübadiləsi aparıb.Fransa tərəfi bir daha Azərbaycanla münasibətlərə böyük önəm verdiyini bildirərək, ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilən danışıqlar prosesinə və özünün vasitəçilik roluna sadiq qaldığını və prezident Fransua Oland tərəfindən bu məsələyə bundan sonra da mühüm əhəmiyyət veriləcəyini təsdiqləyib.
Nazir Elmar Məmmədyarov Fransa rəhbərliyinin bu kontekstdə fəallığını yüksək qiymətləndirərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu sülh prosesini əngəlləyən əsas problem olduğunu və ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və davamlı həllinin dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması prinsipləri əsasında mümkün olduğunu bir daha vurğulayıb.