Azərbaycanda səfərdə olan İranın və səlahiyyətli səfiri Möhsün Pak Ayin Binəqədi rayonundakı Heydər məscidi ilə tanış olub. Qafqaz Müsəlmanlar İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər məscid-kompleksinin sədri, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Sabir Həsənli iranlı diplomata məscidlə bağlı ətraflı məlumat verib.
S. Həsənli bildirib ki, dövlət başçısının tövsiyəsi ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb.Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub, məscidin daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir. Qonağın diqqətinə çatdırılıb ki, ümumi sahəsi 20 hektar olan məscid-kompleksin ətrafında abadlaşdırma işləri aparılıb.
Kompleksin sədri vurğulayıb ki, prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib, məscidin açılışında ailəsi ilə bərabər iştirak edib. Açılış mərasimində Şimali Qafqazın müftiləri fəxri qonaq qismində iştirak ediblər.
S.Həsənli onu da vurğulayıb ki, məscid-kompleksin inşası və ətraf ərazilərin abadlaşdırılması Bakı şəhər İcra Hakimiyyətinin yaxından dəstəyi ilə həyata keçirilib.
Səfir Möhsün Pak Ayin Heydər məscid-kompleksinə nəfis tərtibatlı Qurani-Kərim hədiyyə edib.