Bakıda səfərdə olan olan III Qlobal Bakı Forumunun iştirakçıları Bakının Nəsimi rayonundakı Əjdərbəy məscidində cümə namazında iştirak ediblər. Qafqaz Müsəlmanları İdarəsindən Lent.az-a verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qonaqları salamlayıb. Onlar dünyanın nüfuzlu şəxsiyyətlərinin Azərbaycana səfərinin yüksək dəyər kəsb etdiyini vurğulayıblar.
Türkiyənin keçmiş prezidenti Abdullah Gül ilə görüşən QMİ sədri A. Paşazadə Azərbaycan-Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlığın dərinləşdirilməsi yönündə qonağın səylərini yüksək qiymətləndirib.Azərbaycanda keçirilən qlobal əhəmiyyətli tədbirdə Türkiyə dövlətinin nüfuzlu dövlət xadiminin iştirakını mühüm sayan QMİ sədri turk-İslam birliyinin ümumi mənafeləri üçün dəyərli hal kimi səciyyələndirib. A. Gül öz növbəsində Şeyxülislamla Azərbaycanda və Türkiyədə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb və A. Paşazadənin iki qardaş dövlət arasında dini-mənəvi əlaqələrin inkişafı üçün səylərini əvəzsiz kimi dəyərləndirilib.