Azərbaycanda 42 alban kilsəsi yox olma təhlükəsi qarşısında

Azərbaycanda 42 alban kilsəsi yox olma təhlükəsi qarşısında backend

Azərbaycanın regionlarında qədim alban məbədlərinin dağılması barədə virtualaz.org-da silsilə məqalələrin işıq üzü görməsindən bir neçə ay keçib. Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məmurları inanılmaz operativlik nümay8iş etdirmişdilər: Oğuzdakı alban-udin kilsəsinin dağılması barədə ilk yazının işıq üzü görməsinin az qala ertəsi günü oraya vəziyyətin yerində qiymətləndirilməsi üçün xüsusi komissiya göndərilmişdi.

Eyni sürətlə mütəxəssislər İsmayıllıda olmuşdular. Gecikdirmədən qədim irsin qorunması üzrə tədbirlər planı da işlənib hazırlanmışdı. Lakin bununla da gələcək nəsillərə Azərbaycanda yaşamış xalqlar barədə yaddaşın ötürülməsi həvəsi bitib tükəndi.

Azərbaycanın Alban-Udin Xristian İcmasının sədri Robert Mobilinin virtualaz.org-a verdiyi məlumata görə, 72 alban kilsəsindən yalnız Nic və Kiş kəndlərində hərəsində biri olmaqla iki kilsə bərpa edilib. Dağılmaq üzrə olan digər kilsələrdən yan keçməklə hazırlanmış marşrutlar üzrə hərəkət edən turistlərə də məhz bu kilsələr nümayiş olunur. Elə həmin Nic kəndində iki kilsə artıq tamamilə dağılıb itmək ərəfəsindədir.

Məmurlar qərara alıb ki, ayinlərini həyata keçirmək üçün udinlərə bir kilsə də bəsdir. Amma axı alban kilsələri Azərbaycanın tarixi abidələri reyestrinə daxil edilib.

“Problemin həm də tarixi mahiyyəti var: yarıuçuq məbədləri görən turistlər onların erməni kilsələri olmasını zənn edib bu barədə suallar verirlər. Guya məhz buna görə onların uçulub dağılmasına biganə yanaşılır...”