Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlayıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi gəmi xidməti-döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzər dənizinə endirilib.
Xidmətin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilən S-204 nömrəli “Tufan” tipli sərhəd gözətçi gəmisinin su tutumu 470 tondur. Gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu, həmçinin Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən itisürətli qayıqla təchiz edilib. Uzunluğu 62 metr olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi də mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmini istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.