QAZİLER.AZ saytı xəbər verir ki, iyulun 29-da Neftçala rayonu Aşağı Qaramanlı kəndində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı döyüşçüsü, şəhid gizir Elimdar Səlimxan oğlu Səfərovun xatirəsinə qoyulmuş büstün, o cümlədən şəhidlər kompleksinin açılışı olub.
Tədbir iştirakçıları əvvəlcə şəhid Elimdar Səfərovun Aşağı Qaramanlı kənd qəbiristanlığında məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub. Aşağı Qaramanlı kənd icra nümayəndəsi Elşən Bağırov, şəhidimizin müəllimi Narıngül Əsədova, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin rəisi polkovnik - leytenant Turan Əliyev, Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı çıxış ediblər. Ş.Əlizamanlı öz repertuarından bir neçə mahnı ifa edib.
Tədbirdə Neftçala rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, 20 yanvar cəmiyyətinin sədr müavini Mustafa Qaramanlı, istefada olan polkovnik Xətai Baxışov, hərbi jurnalist polkovnik İbrahim Rüstəmli, jurnalist Mətanət Əsgərqızı, Qarabağ döyüşçüləri, şəhid ailələri iştirak edib.
Qeyd edək ki, kompleksin divarında torpaqlarımızın bütövlüyü uğrunda Neftçala şəhidlərinin qara mərmər üzərinə döyülmüş şəkilləri də yer alıb.
QAZİLER.AZ