Cəlilabad rayonundakı Göytəpə şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi, məktəb Həmkarlar Təşkilatının sədri Zaur Ələkbərov Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin Cənub Regional Departamentinə (Lerik rayonu istisna olmaq şərtilə) rəhbər təyin edilib.
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin ictimaiyyətlə əlaqələr departamentindən Qaziler.az-a verilən məlumatda bildirilir ki, Zaur Zakir oğlu Ələkbərov 1979-cu ildə Xocalıda anadan olub.Onun valideynləri də məlum soyqırımın ağrı-acısını yaşayıblar.Atası Xocalı soyqırımından dərhal sonra könüllü olaraq silaha sarılıb və Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Vətən müharibəsi veteranıdır.Zaur Ələkbərov Cəlilabad rayonundakı Göytəpə şəhər 1 nömrəli tam orta məktəbi, daha sonra isə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib.Təyinatla 1 nömrəli Göytəpə şəhər tam orta məktəbinə göndərilib.Lakin o, könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanıb.Həqiqi hərbi xidmətini ön xətdə başa vurub. 2005-ci ildən etibarən Göytəpə şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi kimi fəaliyyətə başlayıb.
Z.Ələkbərov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi təlim kurslarının müdavimi olub. O, buna görə də 2012-2013-cü illərdə "Mədəd"Azərbaycan Təşkilatının dəstəyilə Cənub bölgəsindəki ümumtəhsil məktəblərində təhsildə yeniliklərin tətbiqi üzrə koordinator olaraq iştirak edib. 2014-cü ildə Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı müəllimi!" müsabiqəsinin qalibi olub.
ictimai fəallığı nəzərə alınaraq Göytəpə Ağsaqqallar Şurasının qərarına əsasən Z.Ələkbərov "Göytəpənin Fəxri Sakini" adına layiq görülüb.Ailəlidir, 3 övladı var.
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlunun imzaladığı 21 avqust 2017-ci il tarixli əmrə əsasən, Zaur Ələkbərov Birliyin Cənub Regional Departamentinə (Lerik rayonu istisna olmaq şərtilə) rəhbər təyin edilib.