Türkiyə Xarici İşlər Nazirliyi Minsk qrupunun həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” olması məsələsinə mövqeyini açıqlayıb.
QAZİLƏR.AZ saytı xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyindən Trend-ə verilən eksklüziv açıqlamada bildirilib. Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun bir üzvü olaraq Türkiyə Cənubi Qafqazda sülh, sabitlik, rifah və geniş əməkdaşlığa ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılan bütün addımları yaxından izləyir: "Türkiyə problemin həlli məqsədilə Minsk qrupu çərçivəsində davam edən səylərə töhfə vermək üçün çalışır. Minsk qrupunun mövcud formatı daxilində bütövlükdə problemin həlli istiqamətində atılan addımları da dəstəkləyir və bu istiqamətdə cəhd göstərir".Türkiyə XİN-dən qeyd olunub ki, bütün bunlarla yanaşı, istər Minsk qrupu formatında, istərsə də digər formatlarda üçüncü ölkələrlə münasibətlərdə Türkiyə milli məsələsi olan Dağlıq Qarabağ problemini hər zaman gündəmə gətirir: "Qardaş Azərbaycanın bu önəmli probleminin beynəlxalq ictimaiyyətdə öz aktuallığını qoruması və problemin ən tez bir zamanda həlli üçün çalışmalarımızı davam etdirəcəyik. Azərbaycanın qaldırdığı Minsk qrupu həmsədrlərinin sayının üçdən beşə çatdırılması (ABŞ, Rusiya, Fransa, Türkiyə və Almaniya) məsələsinə gəlincə isə, bu barədə hələki əlimizdə hər hansı bir məlumat yoxdur. Türkiyənin Dağlıq Qarabağ məsələsində siyasətinin qəti olduğunu, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması üçün bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə inandığımızı bir daha vurğulayırıq".
Qeyd edək ki, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat Azay Quliyev mediaya ATƏT PA-nın bu ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını açıqlayıb.