Dövlət Sərhəd Xidməti Xəzər dənizində taktiki təlim keçirib

Dövlət Sərhəd Xidməti Xəzər dənizində taktiki təlim keçirib backend

Prezident İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirləri davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustun 12-14-də “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.

Taktiki təlimə cəlb olunmuş gəmilərin əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilib. İtisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və radiotexniki avadanlıqlarla, müasir silahlarla təchiz edilmiş sərhəd gözətçi gəmiləri taktiki təlimdə yüksək manevr imkanları və döyüş qabiliyyəti nümayiş etdiriblər.

Taktiki təlimin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyətinin idarəetmə bacarığının inkişaf etdirilməsi, dənizdə sərhəd axtarışının aparılması, helikopterlərin və gəmilərin raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi olub.

Üç mərhələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçı¬xarma rayonlarının, platformaların, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə axtarış əməliyyatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qrupun helikopter vasitəsilə gəmiyə desantlaşdırılması, gəmidə şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin və narkotik vasitələrin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin helikopterlərinin raket kompleksləri və zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş aparatının və tələblərə tabe olmayan üzmə vasitəsinin, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib.

Təlimdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının daha da artırılması üzrə tapşırıqlar verib.
Diaspora