Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. May və sentyabr aylarında birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır.
Qaziler.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, aprelin 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi, korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Türkiyə Silahlı Qüvvələrinin general və admirallarından ibarət nümayəndə heyətini salamlayan Müdafiə naziri ölkələrimiz arasında hərbi texniki, hərbi təhsil əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Müxtəlif istiqamətlərə cavabdeh olan heyətin belə geniş tərkibdə, qarşılıqlı səfərləri və əlaqəli fəaliyyətlərinin əməkdaşlığımıza töhfə verməsi görüşdə xüsusi vurğulanıb.
İşğal edilmiş torpaqlarımızın azad edilməsinin nəinki Azərbaycan, həmçinin region üçün də əhəmiyyətli olduğunu bildirən Müdafiə naziri xalqımızın işğal faktı ilə barışmayacağını bir daha bəyan edib.
Müxtəlif qoşun növlərinin iştirakı ilə Azərbaycanda və sonra Türkiyədə keçirilən birgə təlimlərin vacibliyini vurğulayan Müdafiə naziri hərbi sahədə qazanılan uğurlara və dəstəyə görə hər iki dövlət başçısına minnətdarlığını ifadə edib.
"Qardaş xalqlarımızın məqsədi regionda sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz, gücümüz və inkişafımız birliyimizdədir. Təhlükəsizliyimizin qarantı olan Silahlı Qüvvələrimiz daim əlaqələri gücləndirməklə ümumi düşmənimizə qarşı birgə fəaliyyət göstərməlidir", - deyə general-polkovnik Z.Həsənov bildirib.
Qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək qarşılıqlı hərbi münasibətlərin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyətini bir daha qeyd ediblər.
Görüşdə Quru Qoşunlarının may ayında Bakı və Naxçıvanda, sentyabr ayında isə Hərbi Hava Qüvvələrinin silah və texnikasının iştirakı ilə ölkəmizdə birgə hərbi təlimlərin keçirilməsi, o cümlədən ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də görüşdə iştirak edib.