Bu gün Azərbaycanın müasir dövrün məhəbbət dastanını yazan cütlükdən birinin – Fərizənin doğum günüdür.
Fərizə Çoban qızı Allahverdiyeva 1970-ci ildə Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olub. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi. O, 1989-cu il iyunun 30-da sevdiyi İlham Allahverdiyevlə ailə qurub və xoşbəxt yaşayıblar. Amma cəmi altı ay on doqquz gün...Əslində normal halda insan ömrünə baxsaq çox kiçik rəqəmdir...Ancaq mənalı və şərəfli bir ömür oldu bu. Onlar öz adlarını tarixə yazdılar.
Fərizənin sevdiyi, həyat yoldaşı İlham Əjdər oğlu Allahverdiyev isə 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur. Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyirdi.
Bu gün Fərizənin doğum günüdür. Fərizəni İlhamsız xatırlamaq mümkün deyil. İlhamın ad günündə də Fərizəni unutmaq olmaz. Onlar bir bütövdür. Əsl sevgi də elə budur!
Xatırladaq ki, 1990-cı ilin 19 yanvarında Sovet qoşunları Bakıda dinc insanları qətlə yetirərkən onların qarşısına çıxıb etiraz edənlərdən biri də İlham Allahverdiyev olub. O müdhiş gecə həlak olan İlhamın xanımı Fərizə bu itkiyə dözməyərək, özünə qıymaqla işğalçılara etiraz etdi!
QAZİLER.AZ