«ŞƏRQ»DƏ ƏHMƏD BƏY AĞAOĞLU RUZGARI....

«ŞƏRQ»DƏ ƏHMƏD BƏY AĞAOĞLU RUZGARI.... backend

Bu gün «Şərq»də Əhməd bəy Ağaoğlu ruzgarı «əsdi». Qarabağ Qaziləri İctimai Birliyi «Şərq»də yaradılmış Mətbuat Tarixi Muzeyini ziyarətə gəlmişdilər və özləri ilə də Əhməd bəy Ağaoğlunu «gətirmişdilər».

Buna Əhməd bəyin Azərbaycanın milli məfkurə və istiqlal tarixində qazandığı uca mövqenin Mətbuat Tarixi muzeyində inikası da demək olar. Əhməd bəy Ağaoğlu görkəmli ictimai və dövlət xadimi, jurnalist, publisistdir, yazıçı, ən əsası milli mücahiddir. Və Azərbaycan milli məfkurəsinin beşiyi başında dayanan bütün möhtəşəm və möhtərəm ziya mənbələrimizlə birgə Əhməd bəy Ağaoğlu da (portret təzahürü ilə) Mətbuat Tarixi Muzeyində yerini tutmalıydı.

Tutdu da. Burada qısa bir kənara çıxmaya ehtiyac var. Əslində, Əhməd bəy Ağaoğlunun portreti muzeyin açılışı zamanı olmalıydı. Lakin sifariş verilmiş əsər «Şərq»in baş redaktorunun ürəyincə alınmadığından onu nümayiş etdirməmək qərarına gəlinmişdi. Beləcə, mətbuat tariximizin Əhməd bəy Ağaoğlu ilə bağlı nəhəng bir dövrü işıqlandırılmamış qalırdı. Amma enində-sonunda haqq yerini bulur, demişlər. Əhməd bəy Ağaoğlu da haqq etdiyi yerə gəlib çıxdı. Qarabağ qazilərinin əliylə.

Dünən redaksiyamızın qonağı Qarabağ döyüşçüləri - Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, sədrin müavini, eyni zamanda Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Firudin Məmmədov, QQİB-nin İdarə Heyətinin üzvü Asəf Əliyev oldu.



«Şərq» qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, mətbuat tarixinin tədqiqatçısı Akif Aşırlı ziyarətə görə, qonaqlara təşəkkür etdi. Qarabağ qaziləri ziyarətə əliboş gəlməmişdilər, özləri ilə Əhməd bəy Ağaoğlunun nəfis işlənmiş portretini hədiyyə gətirmişdilər.

Həqiqətən də Əhməd əbyin portreti «Şərq» redaksiyasında böyük məmnunluqla qarşılandı. Hamı Əhməd bəy Ağaoğlunu muzeydə «görmək» arzusunda idi, arzumuz nəhayət gerçəkləşmişdi.

QQİB-nin sədri Etimad Əsədov Əhməd bəy Ağaoğlunun portretinin hədiyyə edilməsinin məhz Qarabağ qazilərinin payına düşməsindən fəxr etdiklərini dedi:

- Burada sanki zərurətdən doğan xoş bir təsadüf vardı. «Şərq» redaksiyasında Mətbuat Tarixi Muzeyi yaradıldığını bilirdik, məlumatımız vardı. Döyüşçülər öz aramızda müzakirə apardıq ki, biz muzeyə nə hədiyyə edək, muzeyə hansı töhfəmiz olsun. Xəbər aldıq ki, Əhməd bəyin portreti yoxdur. Qərara aldıq ki, bu nəhəng fikir adamının portretini biz sizə hədiyyə edək.

Akif Aşırlı:

- Bunda da məntiq var. Əhməd bəy Qarabağlıdır - Şuşalıdır. Bu nəhəng insanın bütün ömrü Qarabağ, Azərbaycan, ümumilikdə türk dünyası üçün mücadilədə keçib. Milli məsələdə, Qarabağın müdafiəsi məqsədilə ilk müqavimət təşkilatı - «Difai»ni Əhməd bəy Ağaoğlu yaradıb. Tale elə gətirdi ki, bu dahi şəxsiyyətin portretini hədiyyə etmək 21-ci yüzildə məhz sizə - Qarabağ torpaqları naminə canını fəda edən insanlara nəsib oldu.

E.Əsədov:

- Mən Əhməd bəy Ağaoğlu haqqında oxumuşdum. Sabir bəyin (Sabir Rüstəmxanlı - red.) «Difai fədailəri» kitabı ilə də tanışam. Bizim üçün də xoş oldu ki, Mətbuat Tarixi Muzeyinin zənginləşməsində biz Qarabağ qazilərinin də kiçik bir payı olsun. Çox xoşdu ki, bu kiçik hədiyyə nəhəng insan Əhməd bəy Ağaoğlunın rəsmi oldu.



«Şərq»in baş redaktoru Mətbuat Tarixi Muzeyi ilə qonaqları tanış etdi. Muzeydə toplanmış sənədlər, fotolar. eksponatlar, nadir, orijinal qəzet və kitab nüsxələri, hər biri Azərbaycan ictimai-siyasi həyatında müstəsna xidmətlər göstərmiş görkəmli ziyalıların rəsmləri döyüşçülərin marağına səbəb oldu.QQİB-nin sədri E.Əsədov milli mətbuat tarixi muzeyinin təşkil edilməsini fədakar iş adlandırdı:

- Belə bir muzeyi təşkil etdiyinizə görə sizə təşəkkür edirəm. Həqiqətən də, bu, böyük bir işdir. Nəzərə alsaq ki, kiçik, dar imkanlarla belə böyük görmüsünüz, bu, əsl fədakarlıqdır. Və fəxr ediləcək bir işdir. Bunu ancaq alqışlamaq olar. Hesab edirəm ki, buranı hamı - fərqi yoxdur, ziyalıdır, mətbuat adamıdır, ya, adi vətəndaş, ölkəsini, millətini, dövlətini sevən və xalqın tarixinə dəyər verən hər kəs gəlib ziyarət etməli və bacardığı dəstəyi göstərməlidir. Biz sizin gördüyünüz işi, çəkdiyiniz əziyyəti yüksək dəyərləndiririk. Azərbaycanda Mətbuat Tarixi Muzeyinin təməlini siz qoydunuz. Bundan sonra lap böyük muzeylər də yaradıla bilər, zəngin eksponatları da olar, amma bu, bir ilkdir və tarixdə mətbuat tarixi muzeyi «Şərq» qəzetinin və Akif Aşırlının adıyla qalacaq. Sizi ürəkdən təbrik edirik.



VMƏC-nin sədri F.Məmmədov:

- Eşitmişdik ki, mətbuat tarixi muzeyi yaradılıb, amma bu dərəcədə olacağını, düzünü deyim, gözləmirdik. Nələr yaratmısız burda… Milli mətbuatımız, əlbəttə, bir muzey çərçivəsinə sığan deyil. Həm də belə dar imkanlarla. Böyük işdir ki, mətbuat tarixini bu formada əks etdirə bilmisiniz. Mən Gürcüstanda olmuşam, orda qədim çarların məzarlarını, məqbərələrini görəndə, fikirləşirdim ki, niyə bizim padhaşların, sultanların məzarları yoxdur, sanki Azərbaycan tarixində şahlar, xanlar olmayıb. Həmişə bu fikir məni narahat edib ki, niyə biz tariximizə layiqincə sahib çıxmırıq. Burda, qəzet redaksiyasında mətbuat tarixi muzeyi yaratmağınız ilk növbədə tarixə sahiblənməkdir. Mətbuat tarixi muzeyini artıq bir ənənəyə çevirdiniz.

A.Aşırlı:

- Xoş sözlərə görə, ziyarətinizə görə və «Əhməd bəy Ağaoğlu»na görə sizə təşəkkür edirəm. Bizim üçün çox xoşdu ki, əməyimizi, zəhmətimizi dəyərləndirən insanlarımız var. «Şərq» qəzeti həmişə, həm də Qarabağ qazilərinin evi olub. Qapımız daim sizə açıqdır. Siz «Şərq»in fəxri üzvlərisiniz. Əhməd bəy Ağaoğlu ilə bağlı xeyli sənədlər var.



Onun adına muzeydə xüsusi guşə təşkil olunacaq və o arxiv sənədləri, materiallar, nümayiş olunacaq. Əhməd bəy həqiqətən də, mübaliğəsiz Azərbaycan fikir tarixində görkəmli yer tutan ziyalılardan biridir. Bu insan həm Azərbaycan, həm də Türkiyə dövlətçilik tarixinə töhfələr vermiş adamdı. Vaxtınızı almaq istəmirəm, qısaca onu deyim ki, Azərbaycanda Cümhuriyyət qurulanda Əhməd bəy İstanbulda olub, lakin cümhuriyyətin elanından dərhal sonra Bakıya gəlib, ilk Məclisə üzv seçilib. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edib və Azərbaycanın müstəqillik davasını aparıb. Sovet işğalından sonra artıq mühacirət həyatı başlayır. Amma Əhməd bəy Türkiyə dövlətinə öz dahi fikirləri ilə xidmət göstərir. Ə.Ağaoğlu Atatürkün yaxın dostu və məsləhətçisi olub.

Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Osmanlı dönəmində də Məclisi-Məbusan üzvü olub. Övladları da Türkiyə Cümhuriyyəti tarixində yer tutan şəxslərdir. Qızı Sürəyyə Ağaoğlu Türkiyənin ilk qadın vəkili olub. Onun xatirəsinə Türkiyədə xüsusi medal təsis edilib. Oğlu Saməd Ağaoğlu Türkiyənin baş naziri Adnan Menderesin müavini olub. Əhməd bəyin varisləri indi də Türkiyədə yaşayır, hamısı ziyalı, elm xadimləridir. Mətbuat Tarixi Muzeyində yeri görünən «Əhməd bəy Ağaoğlu»nu bizə hədiyyə etdiyiniz üçün sizlərə minnətdarıq.

Qarabağ döyüşçüləri isə mətbuat tarixi müzeyinə bundan sonra da lazımi dəstək göstərəcəklərini bildirdilər.

Məlahət Rzayeva