Azərbaycanda təbii inhisar subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyəti olacaq orqan müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında fərmana əsasən bu səlahiyyət İqtisadiyyat və Sənaye Nazirliyinə verilib.Bu qərarın məcburi qaydada icrası “İcra haqqında” qanuna əsasən icra məmurları tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, qanuna əsasən indiyə qədər təbii inhisar subyektləri cərimələri qərar qəbul edildikdən sonra 30 gün ərzində dövlət büdcəsinə ödəməli idilər və təbii inhisar subyektləri cərimələri vaxtında ödəmədikdə və ya qismən ödədikdə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 0,5 faizi miqdarında peniya ödəyiblər. Fərmana əsasən qüvvəyə minən qanuna dəyişikliyə əsasən təbii inhisar subyektləri cərimələri vaxtında ödəmədikdə və ya qismən ödədikdə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 0,5 faizi miqdarında peniya ödəməyəcəklər, əvəzində İqtisadiyyat və Sənaye Nazirliyi bu cərimələrin məcburi qaydada ödənilməsini təmin edəcək. Bu cərimələrin miqdarı minimum əmək haqqının 600 mislindən 15 min mislinə qədərdir. Bu cərimələr təbii inhisar subyektinin nizamnamə kapitalını təşkil edən bütün səhmlərə düşən səslərin 10%-dən çoxunu əldə edən və onlara məxsus səslərin həcminin bütün hallarda dəyişməsi zamanı şəxs və şəxslər qrupu təbii inhisarları tənzimləyən orqana 15 gün müddətində məlumat verməməsi, təbii inhisarları tənzimləyən orqanlara düzgün olmayan məlumatın verilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qiymətlərin (tariflərin) dəyişdirilməsi, qanunvericiliyə uyğun olaraq təbii inhisarları tənzimləyən orqanların qərarlarının pozulmasına görə tətbiq olunur.
Xatırladaq ki, Azərbaycanda təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli, təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri, elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri, magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri, aeroport xidmətləri, aeroportların, uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma və hərəkət təhlükəsizliyi fəaliyyəti, ümumi istifadədə olan elektrik və poçt rabitəsi xidmətləri, qəbuledici - verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarət fəaliyyəti, baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı, kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı, meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri və bəndlərin istismarı və istilik təchizatı xidmətləri daxildir. Azərbaycanda bu sahələrdə ümumilikdə 141 təbii inhisar subyekti var.