Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, ƏƏSMN-də müasir iş üsulları əsasında yenidən qurulmuş qəbul otağının açılışı olub.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşların nazirliyə müraciət imkanlarının artırılması və müraciətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində növbəti addım olaraq, nazirliyin inzibati binasında müasir iş üsulları əsasında yenidən qurulmuş qəbul otağının açılışı olub.Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev əhaliyə xidmətin yüksək səviyyədə təşkil olunması ilə əlaqədar Prezident cənab İlham Əliyevin müəyyən etdiyi vəzifənin icrası istiqamətində nazirlik tərəfindən məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Nazir müavini bildirib ki, bu işlərdə əsas prinsip vətəndaşların aidiyyəti məsələlərlə əlaqədar nazirliyə müraciət imkanlarının müasir texnologiyalar əsasında genişləndirilməsi, onların müraciətlərinin operativ cavablandırılmasına şərait yaradılmasıdır: “Son bir ildə nazirliyin 142-“Çağrı mərkəzi”nin fəaliyyəti müasir texniki infrastruktur əsasında yenidən qurulub. Burada müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması, nazirlik rəhbərliyinin müraciətlərin cavablandırlması xidmətinə birbaşa nəzarət edə bilməsi üçün çevik müraciət sistemi yaradılıb. Növbəti addım olaraq, nazirliyin qəbul otağında müraciətlərin qəbulu və onlara baxılmasında bir çox hallarda həm vətəndaşlar, həm də nazirliyin əməkdaşları üçün çətinliklər yaradan ənənəvi qəbul prosesi elektron nailiyyətlər əsasında müasirləşdirilib”.
İ.İsayev bildirib ki, vətəndaşlar qəbul otağına şəxsən gəlməklə, elektron xidmətdən istifadə etməklə, 142-“Çağrı mərkəzi”nə və ya nazirliyə yazılı müraciət etməklə nazirliyin rəhbərliyinin və ya aidiyyəti qurumlarının rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər: “Bu müraciətlər nazirlikdə müvafiq informasiya sisteminə daxil ediləcək, vətəndaşa hansı formada qəbul edilmək seçimi veriləcək. Yəni vətəndaşın istəyinə uyğun olaraq onun növbəlilik qrafiki əsasında nazirliyin qəbul otağında və ya videokonfrans avadanlığı vasitəsilə, yaxud nazirlik rəhbərliyinin bölgələrdə keçirdiyi qəbul zamanı qəbul ediləcəyi müəyyən olunacaq. Bundan sonra növbəlilik üzrə vətəndaşın qəbul ediləcəyi tarix, yer və növbə sırası barədə məlumat ismarıc formasında onun əks əlaqə üçün qeyd etdiyi telefon nömrəsinə və ya e-ünvana göndəriləcək”.
Nazir müavini əlavə edib ki, nazirliyin qəbul otağında qəbul edilmək istəyən şəxs ona göndərilmiş məlumat üzrə buradakı post-terminala yaxınlaşacaq və post-terminalın monitorundakı “əvvəlcədən qəbula yazılanlar” bölümündə öz adını seçərək, növbəlilik qaydasında nömrələnmiş qəbz əldə edəcəklər: “Qəbzdəki nömrə elektron tabloda əks olunaraq, həmçinin səsləndirildikdən sonra vətəndaş aidiyyəti məsələ üzrə müvafiq kabinədə qəbul olunmaq üçün dəvət ediləcək. Bununla belə, əvvəlcədən növbəyə yazılmayan şəxslər də birbaşa qəbul otağına gələrək, post-terminaldakı monitorda “Növbəni götür” bölümünə daxil olmaqla, nömrələnmiş qəbz əldə edəcək və qəbul olunacaqlar. Qəbul edildikdən sonra vətəndaşlar post-terminalın monitorundakı müvafiq bölməni seçib onlara burada göstərilən xidmətin səviyyəsini qiymətləndirə də biləcəklər”.
Qəbul otağında vətəndaşların rahat şəraitdə qəbulu, həmçinin növbələrini gözləmələri üçün müasir tələblər səviyyəsində rahat şərait yaradıldığını qeyd edən İ.İsayev ƏƏSMN-ndə vətəndaşların qəbulu ilə bağlı yeni Qaydaların təsdiq olunduğunu, orada nazirlikdə qəbul prosedurlarının təkmiləşdirilməsinə yönələn bir sıra yeniliklərin əksini tapdığını vurğulayıb: “Həmin Qaydalar nazirliyin rəsmi internet resursunda yerləşdirilib. Qarşıdakı dövrdə də bu istiqamətdə işlər davam etdiriləcək”. Sonra nazirliyin qəbul otağında yaradılmış şəraitə, burada yeni sistem üzrə aparılan qəbul prosesinə baxış olub, nazir müavini tərəfindən aidiyyəti tapşırıqlar verilib.