Aprelin 29-da “Jurnalistika 2015: peşə dəyərləri və demokratik cəmiyyət quruculuğuna dəstək” mövzusunda tələbə-gənclərlə görüş keçirilib. Mingəçevir Politexnik İnstitutunda baş tutmuş görüş «RUH» AJMK-nın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı reallaşdırdığı “Tələbə gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsi çərçivəsindəki sayca ikinci toplantıdır.
«RUH» AJMK-dan Qaziler.az-a verilən xəbərə görə, toplantını giriş sözü ilə Mingəçevir Politexnik İnstitutunun humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova açaraq təmsil olunduğu ali məktəbin Mingəşevir şəhərinin ictimai həyatındakı rolundan söz açıb. O, əsasən texniki sahənin tədris olunmasına baxmayaraq institutun məzunları içərisində media fəaliyyəti ilə məşğul olanların da üstünlük təşkil etdiyini vurğulayıb, təhsil müəssisəsinin jurnalistikaya yaxınlığını əsaslandırıb. Eyni zamanda MPİ rəhbərliyinin yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlığı hər zaman üstün tutduğunu diqqətə çatdırıb. “RUH” AJMK-nın reallaşdırdığı layihənin tələbələrin gələcək təhsil imkanlarını nəzərdən keçirmələrinə dəstək baxımından əhəmiyyət daşıyacağına əminliyini bildirib.«RUH» AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov rəhbərlik etdiyi layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, 2014-cü ildən başlayaraq ali məktəblərin jurnalistika fakultələrinə qəbulda qabiliyyət testi tətbiq edildi. “Ümumən bu məsələ 2013-cü il noyabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşündə qaldırılmışdı. Dövlət başçısı məsələni müsbət dəyərləndirmiş və bu istiqamətdə müvafiq tapşırıqlarını vermişdi. Paralel olaraq jurnalistikanın ixtisaslaşması üçün humanitar sahənin bakalavrları ilə yanaşı digər ixtisas qruplarını bitirənlərin də magistr pilləsində jurnalistikanı seçmələrinə imkan yaradıldı. Layihəmizin bu imkan barədə tələbə-gəncləri məlumatlandırmağa hesablanıb. Məqsədimiz ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələrin jurnalistika ixtisasına marağını artırmaqdan, onların jurnalistika fakultələrinin magistr pilləsində təhsillərini davam etdirmələrini stimullaşdırmaqdan ibarətdir. Mingəçevir Politexnik İnstitutundakı görüş sayca ikinci görüşümüzdür. Digər bölgələrdəki, o cümlədən paytaxtdakı ali təhsil ocaqlarında belə görüşlərimiz olacaq», - deyən Ə.Rüstəmov toplantı iştirakçılarını müzakirələrdə aktiv olmağa çağırıb.
Layihənin eksperti, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri Seymur Verdizadə çıxışında Azərbaycan mətbuatının tarixindən, müasir dövrdəki inkişaf xüsusiyyətlərindən, qloballaşma dövründə medianın funksiya və vəzifələrindən, həmçinin ənənəvi mediadan onlayan mediaya keçid müstəvisində meydana çıxan xarakterik vəziyyətlərdən söz açıb. «Azərbaycanın media orqanlarında çalışan bir çox şəxslər ixtisasca jurnalist deyillər. Onlar müəyyən vaxt sərf edərək peşənin sirlərinə yiyələniblər. Təbii ki, yazı qabiliyyətinin olması da şərtdir. Hazırkı mexanizm isə imkan verir ki, yazı qabiliyyət olan bakalavr tələbələr magistr kimi təhsillərini jurnalistika sahəsində davam etdirsinlər. Bu yolla humanitar sahəyə aid olmayan şəxslərin də jurnalist kimi özlərini sınamalarına, peşənin incəliklərinə daha yaxından bələd olmalarına gözəl şərait yaranıb», - deyən S.Verdizadə tələbə-gənclərin suallarını cavablandırıb.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev çıxışına rəhbərlik etdiyi media orqanı üçün xarakterik olan peşəkarlıq standartlarından söz açmaqla başlayıb. Bölgə həyatının işıqlandırılmasındakı spesifik cəhətləri diqqətə çatdıran baş redaktor eyni zamanda bildirib ki, jurnalistika hər kəs üçün cəlbedicidir. Ancaq bu xüsusiyyət belə arzuda olan şəxsin potensialına adekvatdırsa, cəmiyyət üçün səmərəli nəticələr olacaq. Əks halda fəsadlar qaçılmazdır. Fikrini mövcud istiqamətdə davam etdirəm F.Nəbiyev onu da vurğulayıb ki, jurnalistika sahəsindəki dərin ixtisaslaşma ümumən demokratik cəmiyyət quruculuğu baxımından mütləqdir. Çünki ixtisaslaşma cəmiyyət üçün daha faydalı materialların dərcinə şərait yaradacaq, həm jurnalist peşəkarlığı artacaq, həm də peşəkar oxucu, tamaşaçı, dinləyici auditoriyası formalaşacaq.
Aktiv müzakirələr şəraitində keçən görüşdə tələbələrə əsasən internet media və sosial şəbəkələrin fəaliyyəti, mövcud sahədəki beynəlxalq təcrübənin xarakterik xüsusiyyətləri, Azərbaycanda mediaya dövlət dəstəyinin istiqamətləri barədə ətraflı məlumat verilib.