Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 29-da Şəki şəhərində “Vətənin müdafiəsinə hazıram!” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib.
“Yay teatrı”nda keçirilən kütləvi tədbirdə Şəki şəhərinin, Oğuz və Qax rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Xidmətinin rayon şöbələrinin rəhbərləri, bu rayonlarda yerləşən hərbi hissələrin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, fəal gənclər iştirak ediblər.Qaziler.az AZERTAC-a istinadən xəbər verir ki, tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxışında bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da mühüm nailiyyətlər əldə olunub. Hazırda Milli Ordumuz peşəkar, yüksək nizam-intizamlı zabit korpusuna malik, müasir döyüş texnikası ilə təchiz edilən, qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qadir olan silahlı qüvvələr səviyyəsinə yüksəlib.
Qeyd olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər görür. Xidmət tərəfindən ötən ildən başlayaraq regionlarda “Vətənin müdafiəsinə hazıram!” adlı hərbi-vətənpərvərlik mövzusunda silsilə tədbirlər həyata keçirilir. Xaçmaz şəhərindən başlanğıc götürən, Salyan və Masallıda uğurla davam etdirilən bu silsilə tədbirlərin növbəti ünvanı isə Şəki şəhəridir. Bu tədbirlər gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, çağırışaqədərki hazırlığın keyfiyyətini daha da yaxşılaşdırmaq, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, onlarda müstəqil dövlətimizə sədaqət hissini möhkəmləndirmək məqsədi daşıyır.
Şəhid atası Oruc Salamov, Qarabağ müharibəsi veteranı Şahmar Bayramov çıxış edərək gənclərə Vətənimizin sərhədləri keşiyində ayıq-sayıq dayanmağı, işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi üçün hər an hazır olmağı tövsiyə ediblər.
Tədbirin gedişində Şəki şəhərindən şəhid atası Oruc Salamova, Qax və Oğuz rayonlarından şəhid anaları Sona Süleymanova və Esmira Yusifovaya, həmçinin rayonların icra hakimiyyətlərinin təmsilçilərinə, “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində fərqlənən müəllimlərə, xidmətdə yüksək nəticələr göstərən hərbçilərə Dövlət Xidmətinin xatirə hədiyyələri təqdim olunub.
Tədbir vətənpərvərlik mövzularının mahir ifaçısı Şəmistan Əlizamanlının ifa etdiyi hərbi marşlarla başa çatdı.