Xaçmaz şəhərində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyi və şimal bölgəsində yerləşən rayonların icra hakimiyyəti başçılarının iştirakı ilə toplantı keçirilib.
QAZILER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, toplantıda “Azərişıq” ASC-nin sədri Baba Rzayev cəmiyyətin gələcək fəaliyyəti ilə bağlı hazırlanan 4 bənddən ibarət inkişaf proqramı haqqında danışıb. Bildirilib ki, inkişaf proqramın birinci - reablitasiya mərhələsində mövcud imkanları səfərbər edib enerji təchizatındakı problemləri aradan qaldırmaq nəzərdə tutulub. Bununla da enerji təminatı zamanı baş verən açılmaları iki dəfəyədək azaltmaq mümkün olacaq.Diqqətə çatdırılıb ki, inkişaf proqramının ikinci bəndində mövcud şəbəkənin planlı şəkildə tamamilə yenidən qurulması nəzərdə tutulub. Bununla bağlı prezident İlham Əliyev xüsusi göstəriş verib və bu mərhələdə görüləcək işlərin həcmi olduqca böyükdür. Mövcud şəbəkənin planlı şəkildə tamamilə yenidən qurulması üçün Dünya Bankı və Asiya İnkişaf Bankı ilə qarşılıqlı əməkdaşlıq edilməsi üçün danışıqlar aparılır.
“Azərişıq” ASC-nin sədri Baba Rzayev inkişaf proqramının üçüncü bəndinin 2025-ci ilədək prespektiv inkişaf planından ibarət olduğunu diqqətə çatdırıb. Burada söhbət göstərilən vaxt ərzində dairəvi, ikişüalı, dayanıqlı sxemin hazırlanmasından gedir.
İnkişaf proqramının sonuncu bəndində isə “Azərişıq” ASC-nin iş fəaliyyətində və idarə olunmasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi öz əksini tapıb.
Toplantıda son iki ayda şimal bölgəsinin enerji təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər barəsində də məlumat verilib. Bildirilib ki, bu bölgədə qısa zaman ərzində 21 min 715 metr 0,4 kilovoltluq (kV) elektrik xətləri çəkilib, 1176 dayaq basdırılıb. Enerji təchizatında keyfiyyətin artırılması məqsədilə bölgədə 8 ədəd 35 kV-luq, 4 ədəd isə 110 kV-luq yarımstansiyalar inşa olunacaq.
Sonra rayon icra hakimiyyəti başçıları mövcud vəziyyət haqqında məruzə edib, problemlər barədə məlumat verib, təkliflərini səsləndiriblər.
Mövcud vəziyyətin daha dəqiq qiymətləndirilməsi üçün rayonların baş planlarının “Azərişıq” ASC-yə təqdim olunması tövsiyə edilib.