Urmiya gölü böhranı hazırda İranın əsas problemlərindən biridir. Axar.az xəbər verir ki, bunu Qoşaçay şəhərində Urmiya gölünün canlandırılması ilə bağlı konfransda çıxışı zamanı Qərbi Azərbaycan Valiliyinin Böhranları İdarəetmə Şöbəsinin rəisi Əmir Abbas Cəfəri söyləyib.
“Bir vaxtlar Urmiya gölündə su tüğyan edərdi və bəlkə də kimsə inanmazdı ki, göl bir gün quruyacaq. Urmiya gölü böhranı belə davam edərsə, 14 milyondan çox insanın həyatına təhlükə yaranacaq. Onlar bir çox xəstəliklərlə üz-üzə qalacaqlar. Gölü canlandırmaq üçün hər il orta hesabla kənd təsərrüfatı sahəsində məsrəf olan suyun həcmi 8 faiz aşağı düşməlidir. Belə olan halda 5 il ərzində su sərfiyatını 40 faiz azaltmış olarıq və bu, gölün canlandırılması üçün vacib məsələdir”,- Cəfəri bildirib.