Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynova İsmayıllı rayonunda “Yeniyetmə və gənclərin inkişafında mütaliənin rolu” mövzusunda mühazirə deyib.
QAZİLƏR.AZ xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbənin əməkdaşı Murad Məhərrəmov, Bilik Fondunun yerli nümayəndəsi, İsmayıllı şəhər 5 nömrəli orta məktəbin direktoru Elçin Məmmədov, Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva, rayon ziyalıları – müəllimlər və kitabxana işçıləri, gənclər və məktəblilər iştirak ediblər.Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi E.Məmmədov Fondun regionlarda həyata keçirdiyi layihələrin uğurundan danışıb, ölkə rəhbərliyinin bölgələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
İnformasiya təminatı sektorunun müdiri X.Hüseynova əvvəlcə bütün iştirakçıları İsmayıllının 2015-ci ilin “Gənclər paytaxtı” seçilməsi münasibəti ilə təbrik edib. O, Ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın ucalığını onun bilik səviyyəsi müəyyən edir” şüarını əsas götürərək fəaliyyət göstərən Bilik Fondunun maarifçılık istiqamətində gördüyü işlərdən danışıb, yerli ziyalıları və gəncləri Bilik Fondunun Könüllüləri Birliyinə üzv olmağa çağırıb.
Sonra N.Hüseynovanın mühazirəsı dinlənilib. Mütaliənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, savad və biliklərinin inkişafında faydasından bəhs edən N.Hüseynova iştirakçılara maraqlı slaydlar təqdim edib. Dünya ölkələri üzrə ən çox kitab oxuyanların statistikasına dair müxtəlif məlumatlar çatdıran mühazirəçi onu da vurğulayıb ki, mütaliəyə meyl körpə yaşlarından valideynlərin köməyi ilə formalaşdırılmalıdır. Mühazirəçi gəncləri maraqlandıran sualları da cavablandırıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbənin əməkdaşı M.Məhərrəmov ölkədə uğurla həyata keçirilən gəncər siyasətindən danışıb, Bilik Fondunun əhalinin maarifləndirilməsində rolunu yüksək qiymətləndirib. Rayon icra hakimiyyətinin başçısı professor Mirdaməd Sadıqovun gənclərin maariflənməsinə xüsusi diqqət ayırdığını deyən M.Məhərrəmov rayonda 67 kitabxananın fəaliyyət göstərdiyini, son illər 7 bələdiyyə kitabxanasının yaradıldığını vurğulayıb.