Xaçmazda keçirilən aksiyada 100-dən çox donor könüllü qan verib

Xaçmazda keçirilən aksiyada 100-dən çox donor könüllü qan verib backend

İyulun 20-də Xaçmaz rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 100-dən çox könüllü donordan qan götürülüb.

AZƏRTAC xəbər verir ki, qanvermə aksiyası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilib.

Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində təşkil olunan qanvermə aksiyası səhər saatlarından başlayıb. Mərkəzi Qan Bankının 10 nəfərdən ibarət xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.