İyulun 15-də Xaçmazda təşkil olunan II Beynəlxalq dolma festivalına 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirakçı qatılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 350 növ dolma sərgilənib.Festivalın qonaqları Xaçmaz şəhərinin şimal girişində yerləşən “Çənlibel” istirahət parkında qarşılanıblar. II Beynəlxalq dolma festivalının qonaqları arasında Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, onların ailə üzvləri, Milli Məclisin deputatları, dövlət rəsmiləri, ictimai xadimlər yer alıb.
İştirakçılar əvvəlcə Nəriman Nərimanov küçəsindən Heydər Əliyev Mərkəzinin qarşısınadək yürüş ediblər. Burada müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.
Sonra “Çənlibel” istirahət parkında festivalın rəsmi açılış mərasimi keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətin başçısı Şəmsəddin Xanbabayev qonaqları salamlayaraq festivalın əhəmiyyətindən danışıb. Bildirilib ki, gündən-günə inkişaf edən ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Respublikamızın bölgələrinin çiçəklənməsi, abadlaşması imkan verir ki, belə mötəbər tədbirlər rayonlarda da təşkil olunsun. II Beynəlxalq dolma festivalının Xaçmazda yüksək səviyyədə keçirilməsi də buna sübutdur.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Azərbaycanın zəngin mətbəxə malik olduğunu bildirərək, bu festivalın ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət etdiyini diqqətə çatdırıb.
Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov isə qeyd edib ki, ötən festivalda 300-ə yaxın dolma növü sərgilənirdisə, bu dəfə nümayiş etdirilən dolma növlərinin sayı 350-yə çatıb. Bildirilib ki, milli kulinariyamız özündə xalqımızın tarixi inanclarının bir çox sirlərini ehtiva edir. Onların tədqiqi kulinariya tariximizin öyrənilməsi və mətbəx mədəniyyətimizin qorunması baxımından əhəmiyyətlidir.
Tahir Əmiraslanov diqqətə çatdırıb ki, tarixi torpaqlarımıza göz dikən ermənilər milli mətbəx nümunələrimizə də əl uzatmaqdan çəkinmirlər. Bir sıra dadlı təamlarımızı özününküləşdirməyə cəhd edirlər. Buna görə də düşmənlə təkcə səngərdə yox, bütün cəbhələrdə, o cümlədən kulinariya sahəsində də mübarizə aparmaq lazımdır. Belə festivallar da milli mətbəximizə sahib çıxmağımıza kömək edir.
Açılış mərasimindən sonra festivalda sərgilənən dolma növlərinə baxış keçirilib. Qonaqlar təqdim olunan dolma növləri haqqında ətraflı məlumat alaraq, ləziz təamın dadına baxıblar.
Beynəlxalq festivalda İndoneziya, Özbəkistan, Çin, Cənubi Koreya, Türkiyə, Ukrayna, Meksika və başqa ölkələrdən gəlmiş qonaqlar iştirak edib, milli mətbəxlərinin yeməklərini sərgiləyiblər.
Festival çərçivəsində xalq yaradıcılığı nümunələrinin sərgisi və konsert proqramı təşkil olunub.
Sonda festivalın qalibləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.