Vətəndaş cəmiyyətinin büdcə layihəsi müzakirələrində iştirakı - DƏYİRMİ MASA

Vətəndaş cəmiyyətinin büdcə layihəsi müzakirələrində iştirakı - DƏYİRMİ MASA backend

Açıq Hökumət Platforması Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakını müzakirə edib.

Avrasiya Əməkdaşlıq Fondu ilə imzalanmış müqavilə üzrə icra olunan "AHT Platforması fəaliyyətdə” layihəsi çərçivəsində "Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının qiymətləndirilməsinin nəticələri” mövzusunda dəyirmi masa keçirilib. Azadinform-un məlumatına görə, dəyirmi masada Platforma üzvləri və digər QHT təmsilçiləri, Milli Məclis apratının əməkdaşı iştirak edib.

Dəyirmi masanı giriş sözü ilə açan Platformanın koordinatoru Əliməmməd Nuriyev bildirib ki, vətəndaş cəmiyyətinin dövlət büdcəsininin qəbulu ilə bağlı müzakirələrdə fəal iştirakı çox vacib məsələdir: "Vətəndaş cəmiyyətinin bu müzakirələrdə iştirakı şəffaflığa, hesabatlılığa, ictimai maraqların daha dolğun nəzərə alınmasına xidmət edir. Eyni zamanda vətəndaş cəmiyyətinin qərarların qəbulu prosesinə cəlb olunmasının yaxşı nümunəsi sayıla bilər. Digər tərəfdən Açıq Hökumət prinsipləri də məhz bu yanaşmanı əsas götürür. Bu baxımdan Açıq Hökumət Platforması öz töhfəsini verməyə çalışır. Platformanın üzvü olan "Jurnalist Ekspert Mərkəzi” İB-nin ekspertləri QHT-lər və Milli Məclis komitələri arasında sorğu keçirib, hesabat hazırlayıb. Yeni yanaşmaların və mexanizmlərin tətbiq edilməsi baxımından aparılan araşdırma, verilən təkliflər əhəmiyyətlidir”.

Platformanın üzvü "AHT Platforması fəaliyyətdə” layihəsinin əlaqələndiricisi Sabit Bağırov qeyd edib ki, araşdırma çox aktual mövzuya həsr edilib. Bu sahədəki mövcud çatışmamazlıqları qeyd etməklə, tövsiyələri əhatə edir. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti əvvəlki dövrlərlə müqayisədə son illər büdcə müzakirələrində çox fəal iştirak etmir. Bu sahədə əlavə səylərə ehtiyac var.

Açıq Hökumət Platformasının üzvü olan "Jurnalist Ekspert Mərkəzi” İB (JEM) sədri Ceyhun Musaoğlu Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının qiymətləndirilməsi məqsədi ilə keçirilən sorğunun nəticələrini təqdim edib.

C. Musaoğlu qeyd edib ki, sorğu anketlərini fəal, nüfuzlu 54 QHT, o cümlədən Milli Məclisin 7 Komitəsi və 1 şöbəsi cavablandırıb. Sorğuda iştirak etmələri üçün 500-dən çox QHT-nin e-mail ünvanlarına və 14 Komitəyə sorğu blankı göndərilib. Sorğunu cavablandıran vətəndaş cəmiyyəti institutları təmsilçilərinin ümumi qənaətinə görə, QHT - lərin büdcə müzakirələrinə cəlb olunması prosesində problemlər var: "Cavablardan belə məlum olur ki, QHT-lərin büdcə müzakirələrində iştirakına həm özləri, həm də Milli Məclisin (MM) komitələri az maraq göstərir.

Sorğudan görünür ki, büdcə müzakirələrinə QHT-lər cəlb olunsalar da, bu say qənaətbəxş deyil. 49 QHT rəhbəri düşünür ki, onların müzakirələrdə iştirakında məhz MM komitələr maraqlı deyil. Komitələrin sorğusu bu iddianı həm təsdiqləyir, həm də yox. 7 Komitədən 4 - ü bildirib ki, müzakirələrə qatılmaqda QHT-lər maraqlı deyil. Komitələrin cavablarından da belə aydın olur ki, qarşı tərəf müzakirələrdə iştirak etmələri üçün təşəbbüs göstərməlidirlər.

Nə QHT-lər, nə də komitələrdən heç biri büdcə müzakirələrində vətəndaş cəmiyyətinin iştirakına ehtiyac olmadığını bildirməyib. Əksinə, 49 QHT böyük ehtiyac olduğunu deyib. Yanaşma onu göstərir ki, QHT-lər büdcə müzakirələrində iştiraklarının effektivliyinə inanırlar.

Baxmayaraq ki, 53 QHT- büdcə müzakirələrinə qatılmadıqlarını bildirib, bununla belə onların arasından 10 təşkilat komitələrə təkliflər verib. Üç QHT-nin təklifi qəbul olunub.

Maraqlıdır ki, sorğuda iştirak edən 7 komitədən 5-i müzakirələrə QHT nümayəndələrinin dəvət olunduğunu və ümumilikdə, 22 təklifin qəbul edildiyini bildiriblər.

QHT-lər əmindirlər ki, vətəndaş cəmiyyəti institutları komitələrin büdcə müzakirələrinə konkret töhfələr verə bilərlər. Bu sualı 3 təşkilat cavablandırmasa da, 36 QHT müsbət cavab verib.

Sorğunun maraqlı məqamlarından biri ondan ibarətdir ki, həm QHT-lər, həm də komitələr vətəndaş cəmiyyətinin büdcə müzakirələrində iştirakı, parlamentlə QHT-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə təkliflər irəli sürüblər”.

JEM sədri nəticələrlə bağlı qənaətləri də açıqlayıb: "Vətəndaş cəmiyyəti institutunun büdcə müzakirələrində yaxından iştirakı ciddi töhfələr verər. Bunun üçün mövcud mexanizmlər təkminləşdirilməlidir. Hər iki tərəf dialoqun, müzakirə mühitinin yaradılmasına hazırdır və belə əməkdaşlığın optimal büdcənin qəbulu baxımdan böyük töhfə verəcəyini yəqin ediblər”.

C.Musaoğlu sorğunun nəticələrinə əsasında Açıq Hökumət Platformasının təkliflərini də açıqlayıb:

– Komitələrin iclasları QHT-lərə açıq olsun;

– Platforma digər ixtisaslaşmış QHT-ləri və müstəqil ekspertləri də cəlb etməklə büdcə layihəsi ilə əlaqədar təkliflər paket hazırlayıb komitələrə təqdim edilməsi üzrə fəaliyyətlər həyata keçirsin;

– Platformanın təşkilatçılığı ilə Milli Məclisin Komitə rəhbərləri ilə VCT-lərin rüblük müzakirələri keçirilsin;

– Platformanın təşkilatçılığı ilə Milli Məclisdə vətəndaş cəmiyyəti qurumlarının Ekspert şurası yaradılsın;

– Milli Məclis Komitələrin AR Prezidenti yanında QHT-lə Dövlət Dəstəyi Şurasında formalaşan 7 qrupla əməkdaşlığı üçün təşəbbüslər edilsin;

– Milli Məclis və AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının imzaladığı Memoranduma uyğun olaraq, QHT-lərin mütəmadi olaraq, müzakirələrə cəlb olunmaları üçün MM-də xüsusi əlaqələndirmə təsisatı yaransın.

Dəyirmi masa iştirakçılarının təklifləri və qeydləri dinlənildikdən sonra Platformanın koordinatoru Ə. Nuriyev qeyd edib ki, təkliflər Açıq Hökumət Platforması adından Milli Məclis rəhbərliyinə təqdim olunacaq.

İcmal.Az
Diaspora