Bu gün aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun ad günüdür

Bu gün aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun ad günüdür backend

Bu gün Azərbaycanın 2016-cı il aprel döyüşləri şəhidi, polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovun ad günüdür. O, 12 iyul 1972-ci ildə Ağdam rayonunda anadan olub.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb.

1995-ci ildə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunan Raquf Orucov 1996-cı ildə Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alır, buna baxmayaraq o, ön cəbhədə olmağa üstünlük verir. 1996-cı ildə Murovdağa təyinat alır və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirir. Ona “Murov qartalı” deyirdilər.

1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilir.

Bundan başqa, Raquf Orucov 2001-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, 2003cü ildə "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, 2008 –ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, yenə 2008-ci ildə "Qüsursuz xidmətə görə" II dərəcəli medalı, 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, 2013-cü ildə "Qüsursuz xidmətə görə" I dərəcəli medalı ilə təltif olunub.

Aprel döyüşləri

2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılır. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, I Qarabağ müharibəsinin iştirakçısı, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olur.

Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıt şəhərində baş tutan dəfn mərasimində 10 000-dən çox insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri iştirak edib.



Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarı öz əsgərlərinin məzarları arasındadır. Onun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamı ilə şəhid polkovnik – leytenant Raquf Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.



2016-cı il iyulun 12-də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan "Qarabağ"-"Dudelanj" (2:0) görüşündən əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda, həmin gün 44 yaşı tamam olan Raquf Orucovun xatirəsinə banner açılıb. Bannerdə Raquf Orucovun şəkli və "ÖLMƏZ KOMANDİR RAQUF ORUCOV" yazısı yer almışdı.

Elə həmin gündə də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında 44 yaşı tamam olan Raquf Orucovun anım mərasimi olub.



13 fevralda 2017-ci ildə isə Oksford Məktəbində Raquf Orucovun həyatından bəhs olunan "Murov qartalı" kitabının təqdimat mərasimi keçirilib. Barəsində sənədli film çəkilib.


Hazırladı:
Sevda Elay Əsgərova