Bakıda zibil qabı partladı: xəsarət alan var

Bakıda zibil qabı partladı: xəsarət alan var backend

Partlayışda ağır yaralanan Rauf Rəsulovun vəziyyəti hazırda qənaətbəxşdir. Bu sözləri Axar.az-a Respublika Travmatologiya İnstitutundan dünən Nəsimi rayonunda zibil çəninə atılan partlayıcı qurğunun partlaması nəticəsində yaralanan Kürdəmir sakini Rauf Rəsulovun vəziyyəti haqqında məlumat verərkən bildiriblər.


Xəstəxanadan qeyd edilib ki, R.Rəsulov xəstəxanaya dünən axşam ağır durumda gətirilib:

“Rauf Rəsulova sol baldır sümüyünün aşağı üçdə birində çoxqəlpəli yara və sol said və bazunun iç və ön səthinin yarası diaqnozu qoyulub. Yaralının hansı şəraitdə yaralanması barədə məlumatımız yoxdur. Ancaq onun haradasa zibil qabının partlaması nəticəsində bu şəkildə yaralandığını bilirik”.

Sputnik.az saytının hüquq-mühafizə orqanlarına istinadla yaydığı məlumata görə, Bakının Nəsimi rayonunda zibil çəninə atılan partlayıcı qurğu partalayıb. Bazar ertəsi saat 20:40-da 20 Yanvar küçəsində mənzil-istismar sahəsinin əməkdaşları - 1987-ci il təvəllüdlü Kürdəmir sakini Rauf Rəsulov və 1983-cü il təvəllüdlü Siyəzən sakini İmamverdi Əhmədov “Man” markalı avtomobillə zibilləri daşıyıblar. Zibil çənlərindən birinin boşaldılması zamanı partlayış baş verib. R.Rəsulov çoxsaylı zədələr alıb və Respublika Travmatologiya İnstitutuna yerləşdirilib.

İlkin məlumatlara görə, zibil çəninə partlayıcı qurğu naməlum şəxslər tərəfindən atılıb və zibil daşıyanlar yaxınlaşan zaman partlayıb.

Faktla bağlı araşdırma aparılır.