Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfər ediblər.
Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində türkiyəli hərbçilər Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov ilə görüşüblər. Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişaf istiqamətlərində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti, regiondakı hərbi siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.Görüşdə Qarabağ müharibəsi zamanı əlil olmuş vətəndaşlarımızın qardaş Türkiyə Respublikasında müalicə olunmaları, onlara yaxından göstərilən qayğı və dəstəyə görə türkiyəli qonaqlara təşəkkür edilib.
Sonda hər iki təşkilatın sədri Azərbaycan Respublikasında səfərdə olmalarından məmnunluq hissi keçirdiklərini bildirib və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə minnətdarlıq ediblər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov da dünən Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.