Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü tamam olur

Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü tamam olur backend

QAZİLER.AZ saytı AzTV-yə istinadla bildirir ki, aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. O, yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib. 1923-cü ilin bir bahar günündə dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

“Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz, onu “Əvəzolunmaz insan haqqında povest” adlandrardım” – bu fikrin müəllifi professor Şmelyovadır. Onu yaxından tanıyanların hamısı bu zərif və nəzakətli, alicənab və ziyalı azəri xanımını, hər şeydən əvvəl, məhz sadə insan, olduqca səmimi, ölçülü-biçili hərəkət və davranış yiyəsi, böyük mədəniyyət sahibi kimi səciyyələndiriblər.

...Sadəliyi, xeyirxahlığı sevdirib onu hər kəsə. Kimsənin dərdinə, kədərinə biganə qalmazdı, dara düşənə dayaq olardı, yıxılana söykək... Hamı onu belə tanıyırdı, belə sevirdi... Və... Onu bir nəfər də sevirdi. Amma fərqli məhəbbətlə. Öz sevgisi uğrunda sınaqlardan çıxdığını da sübuta yetirmişdi. Bu, az sonra dünyanın siyasət aləmində imzası ilə seçiləcək böyük azərbaycanlının məhəbbəti idi. Bu, xalqının milli liderinə çevriləcək Heydər Əliyevin sevgisi idi. Bu müqəddəs duyğu onları bir ruh kimi birləşdirəcəkdi, bu sevda iki ürəkdə bir vuracaqdı. Və bu məhəbbət ölüncə idi. Zərifə xanım son nəfəsinədək onu başının tacı kimi qoruyacaqdı. O isə Zərifəsindən sonra nə az, nə çox, düz 18 il ömrünün ən böyük məhəbbətinin nisgilini yaşayacaqdı. Hər birimiz şahidik: Heydər Əliyev kimi möhkəm iradəli insan, qüdrətli bir şəxsiyyət yalnız onun, sonsuz məhəbbətlə sevdiyi bu qadının xatirələri qarşısında kövrəlirdi......Akademik Zərifə Əziz qızı Əliyeva XX əsrin payına düşən görkəmli Azərbaycan qadınlarından və alimlərindən biri idi. Onun 28 aprel 1923-cü il Şərur rayonu Şaxtaxtlı kəndindən başlayan ömür yolu olduqca zəngin və yalnız parlaq səhifələrlə dolu bir ömür oldu. O, Yaradanın xoş saatında doğulan bir insan idi. Əvvəla, Zərifə xanım Əziz Əliyev kimi görkəmli bir alimin, elm adamının, vətənpərvər bir ziyalının, SSRİ-də böyük nüfuz qazanmış bir dövlət xadiminin ailəsində dünyaya göz açdı, zəngin mənəvi mühitdə tərbiyə aldı. Və nəsil şəcərəsinə, ailəsinə, valideynlərinə layiq övlad oldu. Dünya siyasətində ən uca zirvələrdən birində dayanan Heydər Əliyev kimi bir dahinin həyat yoldaşı olması, əsil məhəbbət, sevgi adlı imtahanda da sınanaraq qəlbən, ruhən bağlı olduğu ömür-gün yoldaşına, ulu öndərə bu uca zirvəyə çatmaqda yorulmaz silahdaşa, mənəvi dayağa çevrilməsi Zərifə xanımın ikinci xoşbəxtliyi idi. Akademik Zərifə Əliyevanın alim kimi tibb elmində qazandığı böyük uğurlar da heç kimə sirr deyil və bu uğurlar onun Azərbaycan elmində, ümumilikdə tibb aləmində təsdiqlənmiş, qəbul olunmuş minnətsiz, sabit yerinin qarantıdır. Və nəhayət, Zərifə xanım ulu öndər Heydər Əliyevə ləyaqətli oğul, çox zəngin tarixi keçmişi olan xalqımıza, Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, artıq dünya siyasətində öz nüfuzu olan İlham Əliyev kimi Prezident bəxş edən bir Ana kimi də unudulmazdır...

...Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alır. 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayır və bütün ömrünü oftalmologiyaya həsr edir. 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki olur. Hər kəsə sağlamlıq diləyən və bütün həyatı boyu bunun üçün çalışan Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam xüsusilə diqqətçəkəndir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin estafetini uğurla davam etdirir, elmdə əsil vətəndaşlıq mövqeyi göstərərək, bu sahəyə çox böyük əmək sərf edir. Görkəmli alimin elmi irsi bu gün də aktualdır. Z.Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. Və o, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın idi. Akademik Z.Əliyeva, ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Az-n Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, Əməkdar elm xadimi kimi şərəfli adı da ləyaqətlə daşıyıb. Amma uğurları nə qədər çox olsa da, ömür payı o qədər qısa oldu. Elə bir bahar günündə - 15 aprel 1985-ci ildə dünyasını dəyişdi. Ömrü 62 il oldu. Bu, sonsuz zaman qarşısında çox qısa rəqəmdir, heç bir insan ömrü üçün də arzulanan pay deyil. Amma 62 ildə elə böyük işlər gördü ki, bu rəqmin özünü də “böyütdü”, seçildi və sevildi...

...Bu gün Fəxri Xiyabanda iki qonşu məzardan birində dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri, Azərbaycana, bütöv türk dünyasına ucalıq gətirən H.Əliyev, digərində isə bütün ömrü boyu öz həyat yoldaşına mənəvi dayaq olmuş əsl insan, gözəl alim və müqəddəs Ana – Zərifə xanım Əliyeva uyuyur. Məzarları üstündə qalaqlanan gül-çiçək çələngləri isə elə hər gün təzələnir. Hər gün onları ziyarətə gələn insanlar isə bu məzarların önündən sükutla keçir və onların ruhuna səssizcə dualar oxuyurlar. Tanrı eşitsin, qəbirləri nurla dolsun!...

Diaspora