Bu gecədən etibarən Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilib. “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Ziya Bünyadov prospektindən başlanılıb.
APA-nın məlumatına görə, eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt, asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.İdmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini “Atletlər” və “Media kəndi”ndən məşqlərə və idman obyektlərinə aparmaq üçün Heydər Əliyev prospekti - Ziya Bünyadov prospekti -“20 Yanvar” dairəsi - 20 Yanvar tuneli - Bakı-Sumqayıt yolundan geriyə (Beynəlxalq Avtovağzal ərazisindən) - Bakı Dairəvi yolu - Bakı-Ələt yolunun 2-14 km hissəsini birləşdirən marşrut, bundan başqa Ziya Bünyadov prospekti - Atatürk prospekti - Tofiq Bəhrəmov adına Respublika stadionu, həmçinin Ziya Bünyadov prospekti - Atatürk prospekti - Vaqif küçəsi - Hənifə Ələsgərov - Cəlil Məmmədquluzadə küçələri - Heydər Əliyev adına İdman Konsert kompleksini birləşdirən marşrutlardan istifadə ediləcək.
“Azəryolservis” ASC-dən verilən məlumata görə, I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır.Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.