2017-ci ilin altı ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən 6 uşaq (4 qız, 2 oğlan) övladlığa götürülüb.
Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib.O bildirib ki, uşaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında övladlığa verilib.
Uşaqlardan 3 nəfərinin Rusiya, digərlərinin isə müvafiq olaraq Türkiyə, Almaniya və Gürcüstan vətəndaşları tərəfindən övladlığa götürüldüyünü qeyd edən Dövlət Komitəsinin rəsmisi əlavə edib ki, uşaqlar 3-6 yaş arasındadırlar.
S. Məmmədov onu da qeyd edib ki, azərbaycanlı uşaqların yaşadıqları xarici dövlət tərəfindən 3 il ərzində, ildə 2 dəfə - 6 aydan bir olmaq şərti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə hesabat göndəriləcək: "Hesabatlarda uşaqların inkişaf tərzi, mühitə uyğunlaşmaları, təhsili, davranışları və s. məsələlər öz əksini tapacaq. Hesabatlarda fotoşəkillər və 15 dəqiqəlik video-çarx da yer alacaq ki, biz bu formada uşaqlara nəzarət edəcəyik”.
© xezerxeber.az