Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb

Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb backend

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


QAZİLƏR.AZ APA-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Prosesi İsrail, Rusiya və Ukrayna səfirliklərinin nümayəndələri izləyib. Hakim bildirib ki, Lapşin məhkəməyə müraciət edərək fransız və ivrit dillərindən də tərcüməçilər istəyib. O, sənədlərin tədqiqi mərhələsində tərcüməçilərin dəvət olunacağını deyib. Hazırkı prosesdə rus dilindən tərcüməçi iştirak edib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama əsasən, A. Lapşin iki dəfə Dağlıq Qarabağda olub və Azərbaycanın dövlət sərhədini pozub.

İttihama münasibət bildirən Lapşin deyib ki, özünü təqsirli bilmir və iki dəfə Qarabağda olaraq məqalə yazıb.

Ona ifadə vermək təklif olunub. Lakin o, suallara cavab verəcəyini deyib.
Prokurorun suallarına cavab olaraq bildirib ki, oraya turist kimi gedib, çəkiliş xərclərini özü ödəyib, həmin əraziləri Azərbaycan ərazisi kimi tanıyır, getməzdən əvvəl oranın tarixi ilə maraqlanmayıb və Azərbaycan tərəfdən icazə almaq cəhdi olmayıb. Bildirib ki, Qarabağda oteldə qalıb, Georgi adlı gürcü və onun arvadı Yuliya da bir dəfə onunla birlikdə Qarabağda olub. A. Lapşin deyib ki, Azərbaycanda keçirilən “Formula-1” yarışları və məcburi köçkünlərin ağır vəziyyətdə yaşamaları haqqında da məqalə yazıb. A. Lapşin bildirib ki, Qarabağı müstəqil dövlət kimi yox, coğrafi ərazi olaraq müstəqil kimi göstərib.

Daha sonra iclasda şahidlər ifadə veriblər. Vətəndaş Könül Hüseynova və digərləri A. Lapşinin fikirləri ilə internetdə tanış olduqlarını, qarabağlı kimi onun hərəkətlərindən sarsıldıqlarını və onun cəzalandırılmasını istəyiblər. Bildiriblər ki, A. Lapşin azərbaycanlıları təhqir edib.

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.