I Avropa Oyunlarının olimpiya alovunun Naxçıvana səyahəti münasibətilə Naxçıvan şəhərində təmtəraqlı mərasim təşkil olunub. Mərasim yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.
Trend-in Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, əvvəlcə məşəl estafeti təşkil edilib. 11nəfər məşəli estafetlə ötürüb Heydər Əliyev meydadına çatdırıblar. İlk olaraq, məşəllə qaçan Xanım Xudadanova, ardınca isə müvafiq ardıcıllıqla Gülxanım Cəlilova, Səkinə İbrahimov, Fəridə Hənifəyeva, Tamerlan Abdullayev, Tural Gözəlov, Sahil Rüsanov, Kənan Əsədov, İbrahim Musayev, Əfqan Qurbanov, Polad Əliyev alovu umumilikdə, 4,1 kilometr məsafədə aparıblar.Festival zamanı musiqili kompozisiya ilə müşaiyət olunan atəşfəşanlıq gur alqışlarla qarşılandı.
Daha sonra Heydər Əliyev meydanında möhtəşəm Alov Festivalı keçirilib. Müqəddəs Odlar yurdunun-Azərbaycan torpaqlarının əsrlər öncəsini əks etdirən şou oğlan və qızın, yaxşı və pisin, həqiqət və yalanın hekayətindən bəhs edir. Şouda Zərdtüştlük, Novruz, mistik ayinlər, sevgi, dünyaya gəlmə, ehtiras və ən asası çoxlu alov var. Dramatik musiqi cəlbedici vizual effektlərlə birləşərək təhkiyəni daha da gərginləşdirir, enerji və atletika ilə zəngin unudulmaz bir mənzərə yaradır.
Qeyd edək ki, son illər Naxçıvanın idman həyatı bir sıra beynəlxalq tədbirlələ zəngin olub. 2003-cü ildə Naxçıvan şəhərində şahmat üzrə, gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilib. Burada həmçinin, usta şahmatçılar arasında ənənəvi “Naxçıvan Open” beynəlxalq turniri və hər il gənc sərbəst güləşçilərin “Naxçıvan kuboku” uğrunda beynəlxalq komanda yarışı təşkil olunur.
Azərbaycan xalqının milli lideri Heydər Əliyev Naxçıvan şəhərində anadan olub və ayrı-ayrı illərdə burada yaşayıb, siyasi fəaliyyət göstərib.
Azərbaycanın ən qədim torpaqlarından olan Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə 1 şəhər və 7 rayon daxildir. Sahəsi 5 502 km², əhalisi isə 2014-cü ilin statistikasına görə, 435 400 nəfərdir. Rəvayətə görə, Nuh peyğəmbər Naxçıvanda dəfn olunub və hazırda burada Nuhun qəbrüstü türbəsi mövcuddur. Naxçıvan həmçinin Əshabu-Kəhf ziyarətgahı, Duzdağ və Mömünə xatun türbəsi ilə də məşhurdur.
Naxçıvandan sonra analoji tədbir aprelin 29-da Lənkəranda təşkil ediləcək.
Xatırladaq ki, aprelin 26-da Atəşgah Məbədindən Bakı 2015 Birinci Avropa Oyunlarının məşəli alovlandırılıb. Məşəl 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
Məşəl proqramı çərçivəsində 60 rayondan keçəcək, 15 bölgədə Alov festivalı təşkil olunacaq ki, burada rəsmi şəxslərin, incəsənət ulduzlarının və tanınmış idmançıların iştirakı nəzərdə tutulub.
Səyahət zamanı ümumilikdə 1000-dən çox məşəlçi iştirak edəcək. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq.
Məşəl səyahətində 150 yaradıcı komanda, 132 nəqliyyat vasitəsi iştirak edəcək.
Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.
Məşəl tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçərək Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də Bakıya gətiriləcək.
Avropa Oyunlarının məşəli iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.
660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəl və çırağını “Sidney-2000”, “Afina-2004” Olimpiya Oyunları və “Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb.