Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır backend

Bu gecədən etibarən Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir.

ASC-dən Trend-ə verilən məlumata görə, “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Ziya Bünyadov prospektindən başlanılır. Bu məqsədlə axşam saat 22:00-dan etibarən səhər saatlarınadək prospekt nəqliyyat vasitələrinin hərəkəti üçün Böyük Şor yol qovşağından 20 Yanvar dairəsinədək müvəqqəti olaraq məhdudlaşdırılacaq. İşlərin səhər saatlarına qədər davam etdirilməsi nəzərdə tutulub. Sürücülərdən görülən işlərə anlayışlı yanaşmaları xahiş edilir və alternativ olaraq Heydər Əliyev prospektinin əsas yolundan istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt, asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək. I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın çəkilişi işlərinin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaqla hərəkəti tamamilə məhdudlaşdırılacaq.

İdmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini “Atletlər” və “Media kəndi”ndən məşqlərə və idman obyektlərinə aparmaq üçün Heydər Əliyev prospekti - Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi - 20 Yanvar tuneli - Bakı-Sumqayıt yolundan geriyə (Beynəlxalq Avtovağzal ərazisindən) - Bakı Dairəvi yolu - Bakı-Ələt yolunun 2-14 km hissəsini birləşdirən marşrut, bundan başqa, Ziya Bünyadov prospekti - Atatürk prospekti - Tofiq Bəhrəmov adına Respublika stadionu, həmçinin Ziya Bünyadov prospekti - Atatürk prospekti - Vaqif - Hənifə Ələsgərov - Cəlil Məmmədquluzadə küçələri - Heydər Əliyev adına İdman Konsert kompleksini birləşdirən marşrutlardan istifadə ediləcək.

Ümumiyyətlə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır.

Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.
Diaspora