Masallının icra başçısı 81 yaşlı hacını şərləyib cəzalandırdı

Masallının icra başçısı 81 yaşlı hacını şərləyib cəzalandırdı backend

QAZİLER.AZ saytı xəbər verir ki, Masallı rayon icra hakimiyyətinin başçısı Rabil Hüseynov Hüseynhacılı kənd sakinlərinə qarşı təzyiqlər edir.

Redaksiyamıza daxil olan məlumata görə, bələdiyyə sədrinin Hüseynhacılı kənd məscidində əxlaqsız hərəkət etməsinə etiraz edən kənd sakinləri ilə görüşən icra başçısı onlarla kobud davranıb və bələdiyyə sədrini müdafiə edib. Kənd sakini 81 yaşlı hacı Mustafayev Subeyir buna etiraz əlaməti olaraq heç nə demədən toplantını tərk edib. Bundan qəzəblənən başçı hacıya qarşı hüquq mühafizə orqanlarının vasitəsi ilə təzyiqə əl atıb. Nəticədə düzən 81 yaşlı insanı polis idarəsinə aparıblar. O, 100 manat cərimələnərək azadlığa buraxılıb.

Xatırladaq ki, bir müddət əvvəl mətbuat səhifələrində Masallırayon Hüseynhacılı kənd məscidində bələdiyyə sədri Rafiq Ağayevin əxlaqsız hərəkət etməsi barədə məlumatlar yayılmışdı.

Sakinlərin bildirdiyinə görə, mayın 20-si axşam namazından sonra bələdiyyə sədri Rafiq Ağayev sərxoş vəziyyətdə, yanında yüngül əxlaqlı qadınla kəndin məscidinə daxil olmuş, elə həmin qadınla birgə Allah evində Azərbaycan əxlaqına və mentalitetinə yaraşmayan hərəkətlər etmişdir.

Kənd sakinləri qadının kimliyini bilsələr də, etik baxımından həmin şəxsin adını çəkmədilər.Sakinlər bildirir ki, hadisəyə iki nəfər şahid olub. Bələdiyyə sədrinin hörmətsizliyi, əxlaqsızlığı kənddə və rayon camaatında kütləvi narazılığa səbəb olub.

R. Ağayevin cəzalandırılması üçün kənd ağsaqqalları Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə müraciət etdiklərini dedilər..

Həmin qurumun nümayəndələrinin, kənd ağsaqqallarının, axundun və 50-yə yaxın sakinin iştirakı ilə sözügedən kənddə toplantı keçirilib. Toplantıda şahidlər danışıb və fakt təsdiqini tapıb. Həmçinin R. Ağayev kənd sakinlərinin sorğu-sualı nəticəsində təqsirini etiraf edib. Və kənd camaatından onu bağışlamalarını istəyib. Bir məsələni də vurğulayaq ki, bələdiyyə sədri Öncəqala kəndində yaşasa da, o, Azərbaycanlı əxlaqına və mentalitetinə yaraşmayan həkətlərini Hüseynhacılı kənd məscidində edib. Kənd camaatı onun bu cür əməllərindən artıq bezdiklərini dilə gətirdilər.

Kənd sakini Həsənxan Məmmədov bildirdi ki, həmin hadisənin səhəri Rafiq Ağayev mənim evimə gələrək onu bağışlanmasını xahiş etdi.

Sonra çıxış edən kənd ağsaqqallarından Hacı Sudeyif kişi kənd camaatının zəhmətkeş olduğunu, dövlətimizə və rəhbərimizə sadiq qaldıqlarınıbildirdi. Bütün bunlara baxmayaraq bələdiyyə sədri ilə bağlı bu günə kimi heç bir tədbir görülməyib. Kənd sakinlərinin dediyinə görə, onu rayon icra hakimiyyətinin başcısı Rafil Hüseynov ciddi cəhdlə müdafiə edir. “Əgər o,cəzalandırılmazsa, həmin mənəviyyata sahib olan adamlara da bu hadisə pis örnək olacaq. Kiçik bir kənddə baş vermiş bu xoşagəlməz hadisə Azərbaycanın digər rayonlarına, kəndlərinə də sirayət edə bilər".

Kənd ağsaqqallarının sözlərinə görə, müvafiq qurumlara, ölkə başçısına müraciətdən sonra polis tərəfindən onlara təzyiqlər göstərilir.

Sakinlər bildirir ki, hadisəyə şahid olan iki gənci polis şöbəsinə apararaq təzyiq göstərməklə onlardan məsələni qabartmamağı, bu işdən əl çəkmələrini tələb ediblər.

“Biz başa düşmürük ki, Allahın evinə hörmətsizlik edən, içki içən, orada “islam”əxlaqına yaraşmayan hərəkətlərlə məşğul olan bir bələdiyyə sədrini polis və icra orqanları niyə qoruyur? Guya, biz onu şantaj edirik?” – deyə sakinlər bildirdilər.

Artıq Masallı icra başçısı Rafil Hüseynov da bələdiyyə sədri ilə bağlı yaranmış narazılığı araşdırmaq üçün kəndə baş çəkib. Onun bələdiyyə sədrini açıq-aşkar müdafiə etdiyini görən kənd sakinləri etiraz əlaməti olaraq sakitcə başcının keçirdiyi toplantını yarımçıq tərk ediblər.

Qeyd edək ki, məlum olaya görə kənd sakinləri ölkə rəhbərliyinə də müraciət edib.

Aşığadakı videonu sizin müzakirənizə buraxmaqla kimin haqlı, kimin haqsız olduğunu özünüz görəcəksiniz.