Bu günlərdə Facebook-da bir müzakirədə iştirak etdim. Əslən Laçından olan, iki şəhidin (Sədrəddin (1965) və İlqar (1968) Allahyarovlar) bacısı, müəllim Aynur xanım yana-yana atası Nurəddin kişinin dünyasını dəyişməsindən yazırdı. Böyük itki, böyük acıdır. Həm də bu Nurəddin kişinin yurdumuzun Laçın bölgəsinin layiqli ağsaqqallarından biri olması acını daha da artırır. Allah rəhmət eləsin.
Nurəddin kişinin qızı Aynur xanımı ata itkisinin yandırması bir yana, onu narahat edən həm də belə bir atanın dünyasını dəyişməsinə yerli dövlət qurumlarının biganə qalmasıdır. Elə ona görə də Facebook-da gileyini dilə gətirərək yazırdı ki, iki şəhid atası, el ağsaqqalı dünyasını dəyişir, bir dövlət qurumundan bir məmur qapısını döymür, quruca sözlə belə başsağlığı vermir. Aynur xanımın yazdıqlarından onu da anladıq ki, hazırda xəstə yatağında olan anasının da gözü qapıdaymış ki, bəlkə kimsə gələ, sadəcə “Allah rəhmət eləsin” deyə. Amma anlaşılan odur ki, bugünədək kimsə bu qapını döyməyib…
Niyə? Yaxud da doğrudanmı bu qapı döyülməli, dövlət Allahın yazdığı qədər çərçivəsində haqqa qovuşmuş bir insanın ailəsinə ayrıca diqqət göstərməlidir?
Göstərməlidir. Əgər bu insan hələ 1994-cü ildə iki əziz oğlunu “uf” demədən bu Vətən uğruna şəhid veribsə! Hələ bu şəhidlər atası üstəlik bir el ağsaqqalıdırsa! Belə insanlara, belə ağsaqqallara mütləq və mütləq dövlətin qayğısı, müstəsna diqqəti olmalıdır. Zatən Nurəddin kişi kimi ömrü boyu dik durmağı, oğul itkisinə “Vətən sağ olsun” deyib dayanmağı bacaranlar kimsədən nəsə ummazlar ki. Yaxından tanımıram, amma adicə şəklinə baxıb bu ağsaqqalın tək dərdinin Laçının o gözəl torpaqlarına qayıtmaq olduğunu sezməmək mümkün deyil. Hazırda haqq dünyasında olan bu Kişi bir el ağsaqqalıdır, iki şəhid atasıdır. Belə insanlara mütləq ayrıca diqqət olmalı, dövlət hər addımda onların yanında, arxasında dayanmalıdır.
Demək istədiyim budur ki, Laçın rayonunun müvafiq qurumları, məncə, bu yanlışı aradan qaldırarsa yaxşı olar. Mümkündür ki, onların bundan xəbəri olmayıb. Çünki rayon əhli sadəcə bir yerdə yaşamır, pərən-pərən düşüb. Amma ən azından Nurəddin kişinin yaşadığı ərazi üzrə nümayəndənin xəbər tutması, daha yuxarı qurumlara xəbər verməsi mümkün olardı axı. Etməyiblərsə ən azından indi xəbər tutmuş olarlar. Bu yazı-gileyimizi oxuyanlardan da xahiş edərdim ki, Laçın rayon rəhbərliyinə məsələ haqqında xəbər versinlər.