Tanınmış jurnalist, Xocalı və Qarabağa aid 12 kitab müəllifi Səriyyə Müslüm qızı jurnalistlər üçün inşa edilən binadan mənzil almaq üçün sənədlərini Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda təşkil edilmiş komissiyaya təqdim edib.
Bu barədə QAZİLER.AZ saytına S.Müslümqızı məlumat verib:“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda təşkil edilmiş mənzillərin bölüşdürülməsi komissiyasının müəyyənləşdirdiyi şərtlərə və qaydalara uyğun gəlsəm də, bəzi məqamlar mənim fərdi şəkildə sənəd verməyimə mane olurdu. Bir müddət əvvəl də Fondun icraçı direktoru Vüqar Səfərli ilə də görüşmüşdüm. Adamın üstündə Allah var, Vüqar müəllim məni çox yaxşı, hörmətlə qarşılamış və bəzi məqamları izah eləmişdi. Çatışmazlıqları qaydaya salıb fərdi qaydada sənədlərimi verdim. Qəbul da elədilər. Ümid edirəm ki, mən də mənzillə təmin ediləcəm. Buna böyük ümidlərim var. Mənim kiminləsə şəxsi qərəzliyim, ədavətim yoxdur. Mənim 30 illik jurnalistlik fəaliyyətim var. Bir sıra dillərdə 12 kitab ərsəyə gətirmişəm, 2 sənədli filmin müəllifiyəm. Əsərlərim səhnələrdə oynanılıb. Bir çox Avropa ölkələrində Azərbaycanın ədalətli mövqeyi və Xocalı soyqırımının tanıdılması ilə bağlı beynəlxalq aksiyalar, tədbirlər keçirmiş, beynəlxalq tədbirlərə dəvətlər almışam. Xocalı soyqırımı zamanı şəhid olmuş 63 uşaqdan bəhs edən “Onlar heç vaxt böyüməyəcəklər” adlı kitabım və digərləri nəinki Azərbaycanda, Avropa ölkələrində də yayılıb. Həmin əsərə film çəkilib. Məqsədim - məramım Xocalı soyqırımını dünyaya tanıtmaqdır. Digər jurnalistlər kimi, mən də mənzillə təmin olunmağa haqqımın çatdığını düşünürəm. Ona görə də sənədlərimi verdim və qəbul etdilər. İlk dəfə Xocalı soyqırımını uşaq ədəbiyyatına gətirmişəm. Azərbaycan Respublikasının Prezidenti tərəfindən ictimai-siyasi fəaliyyətimə görə “Tərəqqi” medalı ilə təltif olunmuşam. İnanıram ki, cənab Prezident də ictimai - siyasi şöbəsinin rəhbəri də, eləcə də KİV-lərə Dövlət Dəstəyi Fondu da mənim fəaliyyətimi qiymətləndirəcəklər və mən mənzillə təmin olunacam”.
S.Müslüm qızı onu da bildir di ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət ünvanlayıb.
QAZİLER.AZ