Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, ƏƏSMN-nin elektron xidməti vasitəsilə 47500-dən çox şəxsə iş yerinə dair e-arayış verilib.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “İş yerinə dair arayış” elektron xidməti vətəndaşların öz iş yerləri barədə ümumi təyinatlı və ya konkret bir quruma təqdim etmək üçün rahat şəkildə və real vaxt rejimində elektron formada arayış əldə etmələrinə imkan verir. Ötən ilin dekabrında istifadəyə verilən bu e-xidmət vasitəsilə cari ilin 1 aprel tarixinədək artıq 47546 nəfər vətəndaş iş yerinə dair elektron arayış əldə edib.Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər məlumatlar əksini tapır. Həmçinin vətəndaşlar arayışları onlarda əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən də əldə edə bilirlər. İki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışanların hansı iş yerinə dair arayışı təqdim etmələri ilə bağlı seçim imkanı da var. “İş yerinə dair arayış” e-xidmətindən yararlanan vətəndaşların bununla müvafiq arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyətı şəxslərinə müraciət etmələrinə, kağız formasında arayışları almalarına, bu proses üçün müəyyən vaxt və əziyyət sərf etmələrinə artıq ehtiyac qalmır.
Digər tərəfdən, arayışın təqdim olunduğu qurumlar arayışdakı məlumatların, habelə lazımi hallarda əmək haqqı barədə göstərilənlərin düzgünlüyünü yoxlamaq imkanına malikdirlər. Bunun üçün onlar həmin sənəddə qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edirlər. Qeyd olunan amillər isə iş yerinə dair kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin sürətlənməsinə, aidiyyəti qurumların iş yerinə dair arayışların daha çox elektron formada təqdim olunmasına üstünlük vermələrinə səbəb olub.