“Məhəmməd Əmin Rəsulzadə ilə Heydər Əliyevi qarşı-qarşıya qoyanlar nadan və Azərbaycan xalqını sevməyən, xalqın içərisində ləkə axtaran adamlardır”.
QAZİLER.AZ xəbər verir ki, bu fikirləri “Ölkə.Az”-a açıqlamasında filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Nizaməddin Şəmsizadə bildirib.N.Şəmsizadə deyib ki, əslində Heydər Əliyev və Məhəmməd Əmin Rəsulzadə bir-birini tamamlayan şəxsiyyətlərdir:
“Təsadüfi deyil ki, Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi haqqında xüsusi sərəncam imzalayıb. Həmin sərəncamın imzalandığı günü şəxsən mən öz həyatımda ən mənalı dövr hesab edirəm. Bu tarixin həqiqətidir. Cənab Prezident İlham Əliyev isə bu həqiqətləri tarixilik baxımından təsdiq edib. Bununla da Məhəmməd Əmin Rəsulzadənin tarixi haqqı özünə qaytarılıb”.
Professor qeyd edib ki, Azərbaycan xalqı öz şəxsiyyətlərinin və görkəmli oğullarının Vətən üçün xidmətlərini heç zaman inkar etməyib:
“Bunu inkar edənlər milliyəti şübhə yaradan adamlardır. Arada gəzən, milliyəti şübhə doğuran və kiçik etnik qruplara mənsub olan adamlar hər zaman xalqın görkəmli şəxsiyyətləri arasında nə isə nöqsan axtarmağa çalışıb. Onlar bununla öz iyrənc varlıqlarını gündəmdə saxlamaq və cəmiyyətin diqqətini çəkmək istəyirlər. Ancaq bir daha təkrar edirəm ki, Məhəmməd Əmin Rəsulzadə və Heydər Əliyev bir-birini tamamlayan görkəmli şəxsiyyətlərdir. Bu gün Azərbaycanda azərbaycançılıq məfkurəsinin dövlət səviyyəsində tanınmasında bu şəxslərin hər birinin xidmətləri danılmazdır. Bilirsiniz ki, 20-ci əsrin əvvəllərində Rus İmperiyasının xəritələrində Azərbaycan sözü yazılmırdı. Bunun əvəzinə “Qafqaziya” sözü yazılırdı. Ancaq Məhəmməd Əmin Rəsulzadə İran qəzetində məqalə yazaraq, Azərbaycan anlamını gündəmə gətirib. Rəsulzadə öz əsərlərində yazır ki, Azərbaycan təkcə coğrafi anlayış deyil, həm də ictimai-siyasi və tarixi anlayışın adıdır. Bütün bunlarla yanaşı aydın məsələdir ki, tarixdə Heydər Əliyevin də rolu çox böyükdür. Hələ 1950-1960-cı illərdə Heydər Əliyev SSRİ-də yüksək vəzifələr tutan zaman çox ağıllı şəkildə Azərbaycana rəhbərlik edib. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə isə Azərbaycanın müstəqilliyini qoruyub saxlayıb. Vaxtilə Türkiyədə bəzi qəzetlər Heydər Əliyevin əleyhinə yazanda mən demişdim ki, siz böyük səhv edirsiniz, Heydər Əliyev əsl türkçüdür, o, “KQB”-nin general formasını Azərbaycanı bəlalardan qorumaq üçün geyinib. Bütün bunlardan sonra həmin türkiyəli şəxslərin mövqeyi dəyişdi. Ona görə də biz bu cür dahi adamların qədrini bilməliyik”.
Ölkə.Az