ADA Universitetində "Beynəlxalq Təhsil Həftəsi 2017" simpoziumunun rəsmi açılış mərasimi keçirilib.
QAZİLƏR.AZ APA-ya istinadən bildirir ki, açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, ABŞ səfirliyinin müşaviri Uilyam Gill, BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı məktəbinin dekanı Maykl Foyer və başqa şəxslər iştirak ediblər.
Bildirilib ki, ADA Universiteti, ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Təhsilli Məzunlar İctimai Birliyi ölkədə təhsilin davamlı inkişafına dəstək məqsədi ilə 12-16 iyunda birgə "Beynəlxalq Təhsil Həftəsi 2017" adlı simpozium keçirir. Simpoziumun başlıca məqsədi innovativ və müasir təhsil üsulları mövzusunda yerli və ABŞ mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq, aparıcı təcrübədən yararlanmaqdır.
Simpozium günlərində tədris üzrə mütəxəssislər və təhsil idarəçiləri praktiki seminarlar təqdim edərək yerli şəraitdə icra üçün xüsusi layihə təklifləri irəli sürəcəklər.
Simpozium zamanı müzakirələr - təhsilin müxtəlif idarəetmə mərhələlərinin təhlili, statistik göstəricilərə əsaslanan qiymətləndirmə və hesabatların hazırlanması, tədqiqatların qiymətləndirilməsi və STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsilinə fərqli yanaşma istiqamətlərində aparılacaq.



