“Millət” anlayışı barədə etnologiyada, politologiyada, etnopsixologiyada müxtəlif izahatlar var. Sovet dönəmində etnoqrafiya elmi üzdə irqçiliyi tənqid etsə də, əsasən ölməkdə olan alman irqçi məktəbinin izahatlarını qəbul edirdi. Yəni, sovet elminə görə, “millət” eyni dilə, tarixi kökə, az qala, eyni antropologiyaya, eyni özünüdərkə malik və eyni dövlət çərçivəsində yerləşən kapitalizmin məhsulu olan insan birliyini ehtiva edirdi.
PRİMORDİALİSTLƏR VƏ KONSTRUKTİVİSTLƏRƏslində bu cür izahat mühafizəkar, irqçi məktəblərin mirası idi. Bu mühafizəkar cərəyana “primordializm” deyirlər, yəni hər şeyin əsasının olduğunu və dəyişməzliyini qəbul edən siyasi fəlsəfi cərəyan.
Amma tarixi gerçəklik göstərdi ki, primordialistlərin baxışları yalnız eyni kökdən törəmiş, sayı 100 - 2000 olan ya Okeaniya adalarında, ya keçilməz buzlu Laplandiyada, ya aranla əlaqəsi olmayan Himalay dağlarındakı kəndlərdə, ya da keçilməz Afrika və İber Amerikasındakı cəngəlliklərdə izolyasiyada yaşayan nəsillər və tayfalar üçün doğrudur. Amma Avrasiyadakı tarixi və müasir etnoslar üçün bu cür fəlsəfi baxış özünü doğrultmur.
Siyasi elmdə mövcud ikinci güclü cərəyan qədim deyil, XIX əsrdə yaranıb. Bu cərəyana “konstruktivizm” deyirlər. Yəni, konstruktivistlərin nəzərincə “millət” konstruktdur - quramadır, yəni, tarixin müəyyən mərhələsində hər hansı faktorun (dini çevrələrin, dövlət siyasətinin, hətta konkret bir tarixi şəxsiyyətin) məqsədli təsiri ilə yaradıla bilər. Konstruktivistlərin məntiqi tezisləri Avrasiya, Amerika və Avstraliya kimi əsas qitə əhalisinin tarixində öz təsdiqini tapır. İmperiyalar yaratmış tarixi və müasir insan birlikləri (etnoslar, xalqlar və millətlər) hamısı tarixi gedişatda müəyyən faktorun təsiri altında formalaşıb. Məsələn, sami mənşəli xalqların bir qrupu musəvi dini ilə birləşərək yəhudiliyi meydana gətirib. Tarix boyunca digər millətlər ilə nigahlar, övladlığa götürmə, ayrı soylar (məsələn, ərəbdilli tayfaların bir qismi, Xəzər imperiyasındakı türklərin və d. başqa qövmlərin bir qismi və s.) tərəfindən müsəviliyin qəbulu bu millətin sayını artırıb. Ona görə, yəhudilər irqi cəhtdən yekcins deyillər. Amma millətə xas xüsusiyyətlər onlarda, digər millələr ilə müqayisədə daha qədimdə yaranıb.
Dili fars tayfalarının bir qolundan olan haylar isə, tarixin müəyyən mərhələsində Xrstianlığın Ermən kilsə təriqətini qəbul etmiş, daha sonra bu kilsənin əsas dilini sıxışdırmış, öz hay dillərini Ermən kilsəsinin dini dilinə çevirmişlər. Amma son dövrlərə qədər haylar Ermən kilsəsini özlərinə tam tabe etməmişdilər. Biz tarixdə Erməni kilsə təriqətinə mənsub müxtəlif köklü toplumları Krımda, Şimali və Cənubi Qafqazda, Şərqi Avropada, Mesopotamiya və Anadoluda görürük. Bütün bu dini təriqəti və xalqları indi “erməni” kimi tanıdığımız haylarla bağlamaq gülünc olardı. Xristianlığın Erməni kilsəsində qafqazdilli, sami, farsdilli (boşalar kimi qaraçılar), türkköklü toplumlar da var idilər. “Ermən” adı isə, bu adla bağlı tarix kimi, haylara heç bir aidiyyatı yoxdur, elmdə mövcud fikirlərə görə ya “arami” kimi qədim sami xalqına, ya da “ermən” kimi türk tayfa birliyinə məxsus olub. Hətta bu gün də haylar özlərindən olmayan lakin Ermən kilsəsi tərəfdarını “şurtvats”, yəni “yadköklü” adlandırırlar.
Amma haylar “erməni” adını da, bu kilsənin və tarixi xalqın keçmişini də oğurlayıb öz adlarına çıxmaqdadırlar. Çox heyf ki, bizdə “ermənişünaslıq” elmi inkişaf etməyib, bu sahədə uzmanlarımız yoxdur. Meydan ermənilərin və ermənipərəstlərindir.
Mövzuya qayıdaraq deyək ki, milləti dini birlik (kilsə, məbəd kahinləri), tarixi şəxsiyyət və dövlət (məsələn, fransız millətini elə beş Fransa respublikaları, XIX əsrdə alman millətini Almaniya dövləti, italiyalıları İtaliya dövləti və s.) yaratmışdır.
Osmanlı imperiyasında bir “osmanlı” konstruktu yarandı. Bu millətləşmə deyildi. Məqsədli surətdə də aparılmırdı. Amma yaranan bu oldu. Mustafa Kemal Atatürk anlayırdı ki, Osmanlı imperiyası ilə birlikdə kortəbii konstrukt olan “osmanlı” etnosu tarixə qovuşub və buna görə də müasir dünyanın tələb etdiyi milli toplumu, yəni, milləti yaratmaq lazımdı. Beləliklə də, Anadoluda “türk” adlı müasir millətin formalaşdırılması prosesi başladı. Bu gün Türkiyənin dövlət kimi yer üzündən silinməsinin qarşısını məhz formalaşmış Türk milləti almaqdadır. Atatürkün başlatdığı və XXI əsrin əvvəllərinədək davam etmiş “türk” millətinin formalaşdırılması kimi dövlət siyasəti öz nəticəsini verdi - siyasi təlatümlərə, ideoloji təxribatlara davam gətirib, anti-türk qüvvələrə qarşılıq verə bilən millət formalaşdı. Yaranmış bu millət Atatürkün və ondan sonrakı dövlət siyasətinin məhsulu idi, kortəbii tarixi gedişatın məhsulu deyildi.
MƏDƏNİ DAVRANIŞ MÜHİTİ - MİLLƏTİN ƏSASI
Bu yaxınlarda bir etnopsixoloji tədqiqat əsəri ilə tanış oldum. Hər hansı dövlətdə, ölkədə iqtisadi çətinlik olan kimi yerli əhali xaricə, harada çörək tapmaq olar ora köçməyə meyilli olur. Amma bu hal bütün millətlər üçün eyni deyil. Ölkəsinin ağır zamanlarında belə, vətənində qalan insanlar arasında sorğu göstərir ki, əsas səbəb mədəni mühitdir. “Axı, kasıblığa görə xaricə köçsəm, mən orada iri pullar da qazansam, vətənimdəki mənə doğma bu mühiti tapa biləcəyəmmi?”- bax, bu sual bir sıra millətlərin qloballaşan dünyada məhv olmasının, assimilyasiyasının qarşısını alır.
Yeri gəlmişkən, Yaponiyada, əsasən Tokioda uzun müddət çalışmış bir alim dostumla söhbət lap yerinə düşdü. O mənə bildirdi ki, yaponların elmi-texniki möcüzələr yaratması, özünəməxsus mədəniyyətləri bütün dünyaya bəllidir, amma onların küçədə davranışları, əxlaqları, sanitar-gigiyenik mədəniyyələri, təmizkarlıqları barədə heç nə bilmirik. Alim dostumun sözlərinə görə, yaponlar uşaqlıqdan üst-başlarının təmiz və səliqəli saxlamağa alışmış, tez-tez duş qəbul edən, üzərlərindən və ağızlarından pis qoxunun gəlməsindən ehtiyatlanan bir millətdirlər. Dostumun bir sözünü heç unutmaram: “Mən getdiyim yerlərdə - ali təhsil ocaqlarında, zavodlar ərazisində, parklardakı ictimai tualetlər ətrafa üfunət yaymırdılar. Küçələri zibilləyən, ucadan danışan, metroda və avtobuslarda ətrafa kir bağlamış çirk və tər üfunəti yayanlara rast gəlmədim. Bu qədər fanatik tərzdə səliqəli və təmizkar olmalarına təəccüb edirdim. Böyüklərə hörmət, bir-biri ilə ünsiyyətdə hörmətcillik, mehriban sayğı... Axı, iki yüz il bundan əvvəl avropalılar və amerikalılar yaponları çirkin və kobud kimi təsvir edirdilər? Bunun səbəbini bir yapon həmkarımdan soruşanda o, çox maraqlı məlumat verdi. İkinci Dünya Savaşından sonra yapon orta məktəblərində düz 50 il ərzində etika, əxlaq və davranış dərsləri keçilirdi. Amma sosioloji araşdırmalar göstərəndə ki, mədəni davranış və təmizkarlıq artıq yapon nəsillərinə hopub, artıq babalarına məktəblərdə təlqin edilən mədəniyyətin əsaslarını əksər nəvələr ailələrində uşaqlarına özü təlqin edir - həmin dərslər dayandırıldı. Çünki məqsədə nail olundu. Millət nümayəndələri bir-birinə sayğılı ünsiyyətləri, təmizkarlığı və davranış mədəniyyəti ilə hörmət etməyə başladılar”.
İndi təsəvvür edək ki, daim üfunətli və çirkli küçələrdə bir-birilə əsəbi, kobud danışan, əsnəyəndə ağızını belə tutmağın vacib olduğunu bilməyən, günlərlə çimməyən, ağızından gələn qoxu ilə ətrafı özünə söydürən və s. kimi adamlardan ibarət mühitdə böyüyən insanı bu cür mühitli vətənə nə bağlayacaq? Öz millətinə hörmət etməyin gənc nəslə təlqin edilmədiyi bir məkanda, bir balaca iqtisadi çətinlik düşən kimi miqrasiyanın niyə gücləndiyinə təccüblənməyə dəyməz...
Cərimə və cəzaların effekti olmayacaq... Bu cür etik bilgilər ailədən gəlməlidir. Amma indiki əksər ailələrimizdə bu cür biliklər təlqin edilmir. Valideynin bundan xəbəri yoxdursa, övladına nəyi təlqin edəcək?! Biz gərək orta təhsil məktəblərində etika - milli ərkanlıq fənnini yeridək. Yalnız 20-30 ildən sonra bu fənnlərdə gənc nəsillərə təlqin edilmiş etik bilgilər ailələrdəki tərbiyə sisteminə keçdiyini göstərəcək. Milləti belə konstruksiya edirlər!
P.S. Bu yaxınlarda Bakıda marşrut avtobuslardan birinə mindim. Avtobus yeni idi, Avropa standartlarına uyğun. Amma artıq natəmizlik görünürdü: şüşələrdə toz, oturacaqlarda parıldayan kirin yığılması. Bunlar sürücünün və şirkətin səviyyəsini göstərirdi.

Lakin tutacaqdakı plastik örtüyün didişdirilib dağıdılması (fotosunu çəkdim) - sürücünün və şirkətin günahı deyildi. Bu, evdə anasından, atasından tərbiyə görməyən hansısa sərnişinin səviyyəsini göstərirdi... Amma avtobusda artan natəmizlik və plastik örtüyün didişdirilib dağıdılması həm sürücünün, həm şirkətin, həm həmin sərnişinin, həm də ümumilikdə, bizim günahımızdır...