AOK suveren bir ölkədəki hüquqi və siyasi prosesləri mühakimə etmək səlahiyyəti olmadığını qeyd edib
Avropa Olimpiya Komitəsi (AOK) insan hüquqları məsələsinin Azərbaycan hakimiyyəti qarşısında qaldırılması ilə bağlı İnsan Haqları Koalisiyası adlandırılan qurumun müraciətinə sərt şəkildə rədd cavabı verib.APA-nın xəbərinə görə, AOK cavab bəyanatında bildirib ki, Azərbaycanda insan haqlarının vəziyyətinin “dözülməz olması ilə bağlı” irəli sürülən iddialar haqda hər hansı məlumata malik deyil və bu istiqamətdə rəsmi Bakıdan heç bir sorğu-sual etməyəcək. Təşkilat qeyd edib ki, onun suveren bir ölkədəki hüquqi və siyasi prosesləri mühakimə etmək səlahiyyəti yoxdur.
AOK, həmçinin, müstəqil ölkənin siyasi sisteminə müdaxilə etmək səlahiyyətində olmadığını, lakin Azərbaycan hakimiyyətindən Oyunlar zamanı Xartiyanın pozulmayacağı barədə zəmanət aldığını mürəciət müəlliflərinin diqqətinə çatdırıb. Komitə bildirib ki, bütün başqa idman təşkilatları kimi, o da hər hansı ölkənin mövcud siyasi sistemi şəraitində fəaliyyət göstərməlidir.
Təşkilat onu da qeyd edib ki, Azərbaycan hakimiyyəti Oyunlar zamanı akkreditasiyası olan bütün media nümayəndələrinin azad fəaliyyətini təmin etmək zəmanəti verib. Bəyanatda kifayət qədər sərt leksikonda bundan daha uzağa gedən məsələlərin “şəxsi səviyyədə və medianın müdaxiləsi olmadan aparılacağı” vurğulanıb.