Mir Cəlal Paşayevin anadan olmasının 107 illiyi qeyd edilib

Mir Cəlal Paşayevin anadan olmasının 107 illiyi qeyd edilib backend

Ömrünü ədəbiyyatımızın, elmimizin inkişafına həsr edən görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 107-ci ildönümü münasibətilə ədibin ev muzeyində təntənəli mərasim keçirilib. Trend-in məlumatına görə, təntənəli mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, professor İbrahim Quliyev, şəhər ziyalıları iştirak ediblər.

Mərasim hər kəsi duyğulandıran, onu Mir Cəlal dünyasına səyahət etməyə vadar edən bir tamaşa ilə başlayıb. Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Mir Cəlal Paşayevin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiya görkəmli yazıçının ədəbi qəhrəmanlarını bir daha öz müsbət keyfiyyətləri ilə təqdim edib, obrazların dili ilə mərasim iştirakçılarına ən xoş arzular çatdırılıb.

Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev hər il yazıçının ev muzeyində keçirilən anım günlərini gəncəlilərin ədibə olan böyük məhəbbətlərinin timsalı olduğunu qeyd edib. İcra başçısı yazıçının həyatının böyük bir hissəsinin Gəncə ədəbi mühiti ilə bağlı olduğunu vurğulayaraq Mir Cəlal Paşayevin mahir hekayə ustası olduğunu bildirib və bu janrın inkişafında onun xidmətlərinin müstəsnalığını vurğulayıb.

İcra başçısı qeyd edib ki, Mir Cəlal Paşayevin romanları 1930-1970-ci illərin tənqidi və ədəbi prosesini öyrənmək baxımından zəngin material verir. Həmçinin bildirib ki, Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutur. Tam əminliklə demək olar ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal Paşayev klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. İllər keçsə də, Mir Cəlal Paşayev insanların xatirində görkəmli nasir, ədəbiyyatşünas alim, nümunəvi ailə başçısı, xeyirxah və nəcib bir insan kimi daim yaşayacaq.

E.Vəliyev ədibin xatirəsinə hörmət və ehtiram ifadəsi olaraq, Gəncədə Mir Cəlal Paşayev adına muzey, məktəb fəaliyyət göstərdiyini, şəhərin görkəmli və abad küçələrindən birinə onun adının verildiyini qeyd edib.

Mərasimdə iştirak edən Milli Aviasiya Akademiyasının professoru İ.Quliyev Gəncədə gördüyü böyük quruculuq işlərindən ürəkdolusu danışıb. O bildirib ki, hər dəfə gələndə bu qədim şəhərdə möhtəşəmliyin şahidi olub. Əlbəttə, bütün bunlar Prezident cənab İlham Əliyevin diqqət və qayğısının, şəhər rəhbərliyinin fədakar əməyinin bəhrəsidir. Bu gün Gəncədə Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasının 107 illiyinin keçirilməsi çox təqdirəlayiqdir. O, fitri istedada malik alim, səmimi insan idi. Onun varisləri, bu nurlu ocağın layiqli davamçıları, ədibin bütün ailə üzvləri Mir Cəlal Paşayevin xatirəsini hər zaman əziz tutduqları üçün gəncəlilərə dərin hörmət, ehtiram bəsləyirlər.

Təntənəli mərasim Gəncə Dövlət Kamera Orkestrinin ifasında musiqi proqramı ilə başa çatıb.
Diaspora