“İctimai və Sosial əhəmiyyət kəsb edən məsələlərdə İcma Əsaslı Təşkilatların rolunun artırılması” layihəsi həyata keçirildi

“İctimai və Sosial əhəmiyyət kəsb edən məsələlərdə İcma Əsaslı  Təşkilatların rolunun artırılması” layihəsi həyata keçirildi backend

“İctimai və Sosial əhəmiyyət kəsb edən məsələlərdə İcma Əsaslı Təşkilatların rolunun artırılması” layihəsi uğurla həyata keçirilmişdir. Bu barədə QAZİLER.AZ-a BAMF Mətbuat Xidmətindən məlumat verilib.

Niderland Krallığının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində "Ümid" Sosial Inkişafa Dəstək İctimai Birliyinin ekspertləri tərəfindən “İctimai və Sosial əhəmiyyət kəsb edən məsələlərdə İcma Əsaslı Təşkilatların rolunun artırılması” layihəsi uğurla həyata keçirilmişdir.

Bu layihə 2017-ci ilin yanvar ayından iyun ayınadək Azərbaycan Respublikası Quba - Xaçmaz iqtisadi rayonunun Quba, Xaçmaz və Şabran rayonlarında olan 10 icmada həyata keçirilmişdir.

Layihənin əsas məqsədi “İctimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində icma əsaslı təşkilatların və QHT-lərin iştirak səviyyəsinin artırılmasından və yerli vətəndaş cəmiyyəti institutlarında (İƏT) dəyişiklik agentləri statusunun və vərdişlərinin formalaşdırılmasından ibarət olmuşdur. Layihənin icrası müddətində 1 regional səviyyəli məlumatlandırma tədbiri, hədəf icmalarda icma üzvlərinin iştirakı ilə 10 geniş icma yığıncağı, icmaların aktiv fəaliyyət qrupları ilə 20 Dəyirmi Masa, 10 Sosial müzakirə və 1 regional səviyyəli yekun tədbir keçirilmişdir.

Həyata keçirilən tədbir, dəyirmi masa və sosial müzakirələr “İctimai İştirakçılıq haqqında” AR Qanunun və İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin müzakirəsi, ictimai şuraların yaradılmasında icma əsaslı təşkilatların rolu və məsuliyyəti, sosial təminat, təqaüd, kommunal xidmətlər və digər sahələrdə mövcud vəziyyətin yaxşılaşdırılması, regionda əhaliyə göstərilən elektron xidmətlər üzrə Açıq Hökumətin təşviqi və bu sahədə QHT-lərin məsuliyyəti məsələlərinə həsr olunmuşdur.

Layihənin icrasında təcrübəli ekspertlər, QHT rəhbərləri, Bələdiyyə sədrləri və yerli icra strukturlarının nümayəndələri yaxından iştirak etmişlər. İcma üzvlərinə Elektron Hökumət Portalı haqqında Əsasnamə, Açıq Hökumətin təşviqinə dair 2016 – 2018 ci illər üçün Mili Fəaliyyət Planı, Açıq Hökumətin xidmət təminatçıları və s. barədə geniş məlumat verilmiş, Elektron hökumət portalından istifadə üzrə praktik məşğələlər keçirilmişdir.

May ayının 26-da Quba rayonunda “İctimai və Sosial əhəmiyyət kəsb edən məsələlərdə İcma Əsaslı Təşkilatların rolunun artırılması” layihəsinin yekunu üzrə geniş tədbir keçirilmişdir.

Tədbirdə “Açıq Hökumətin Təşviqi” nə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın üzvü Sahib Məmmədov, Platformanın QHT təmsilçisi İsrayıl İskəndərov, regionda fəaliyyət göstərən QHT-lərin təmsilçiləri, 10 hədəf icmadan olan İcra Nümayəndələri, Bələdiyyə və İcma İnkişaf Şuralarının üzvləri iştirak etmişlər.

Tədbir iştirakçılarına layihənin icrası dövründə həyata keçirilmiş fəaliyyətlərin qısa xülasəsi təqdim edilmiş, icmalarda təşkil olunmuş Dəyirmi Masalarda və Sosial müzakirələrdə “Açıq Hökumətin təşviqi”nə dair icma üzvlərinin təklif və tövsiyyələri qeyd edilmişdir.

Tədbirdə ekspertlər tərəfindən təqdimatlar edilmiş və iştirakçıların sualları ətrafında sual-cavab sessiyası keçirilmişdir. Sonra iştirakçılar üç qrupda müzakirələri davam etdirmiş və hər qrupdan 1 nəfər seçilərək, qrup üzvləri tərəfindən verilən təkliflərin təqdimatını aparmışdır.

Layihənin məqsəd və vəzifələrinə uyğun olaraq, səsləndirilən bütün təkliflərin ümumiləşdirilərək aid olduğu icra strukturlarına təqdim olunması qərara alınmışdır. Belə ki, İctimai İştirakçılıq haqqında AR Qanunundan, İctimai şuranın VCİ tərəfindən seçilməsinə dair Əsasnamədən və icma üzvlərini maraqlandıran sosial təminat, təqaüd, kommunal xidmətlərin yaxşılaşdırılması və Açıq Hökumətin təşviqi üzrə elektron xidmətlərin göstərilməsinə dair təklif və tövsiyyələr qruplaşdırılaraq, həm yerli özünüidarəetmə orqanlarına, həm rayon və regional icra orqanlarına, həm də Mərkəzi qanunverici orqanlara təqdim olunacaqdır.