Arxeoloqların və etnoqrafların elmi sessiyası keçirilib

Arxeoloqların və etnoqrafların elmi sessiyası keçirilib backend

Bu gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycanda 2014-cü ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr edilmiş elmi sessiya keçirilmişdir.

İnstitutdan Qaziler.az-a verilən xəbərə görə, sessiyanın işində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova iştirak etmişlər.

Elmi sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açmışdır. Akademik İ. Həbibbəyli öz çıxışında Azərbaycan arxeologiya və etnoqrafiyasının Azərbaycan dövlətinin xüsusi diqqət ayırdığı prioritet elm sahələrindən olduğunu vurğulamışdır. Elmi sessiyada iştirak edən Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü İlyas Babayev çıxış edərək arxeoloq və etnoqrafların uğurlarından, Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin artıq dünya səviyyəsinə qalxmasından, Azərbaycanın müxtəlif rayonlarında aparılan arxeoloji və etnoqrafik tədqiqatların əhəmiyyətindən danışdılar.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova isə çıxışında 2014-cü ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yüksək səviyyəsini, arxeoloji tədqiqatlara dövlət qayğısının və ictimai marağın artmasını vurğulamış, Yaponiya, Koreya, ABŞ, Fransa, Almaniya və d. ölkələrin mütəxəssisləri ilə təşkil edilən birgə beynəlxalq arxeoloji ekspedisiyaların milli arxeologiyamızın dünya səviyyəsində tanıdılmasında ölçülməz əhəmiyyətini qeyd etmişdir.
Sessiya iştirakçıları Azərbaycan elminin inkişafında xidmətlərinə görə, AMEA Rəyasət Heyəti tərəfindən “A. Bakıxanov adına mükafat”la təltif edilməsi ilə əlaqədar akademik T. Bünyadovu təbrik etmişlər.

Elmi sessiya zamanı 2014-cü ildə aparılmış arxeoloji tədqiqatlar üzrə 39, etnoqrafik tədqiqatlar üzrə 18 mövzuda məruzələr dinlənildi. Tədqiqatçılar elektron təsvirli təqdimatlarla müşayət olunan məruzələrində apardıqları araşdırmalar barədə məlumat vermiş, sessiya iştirakçılarının mövzularla bağlı çoxsaylı suallarını cavablandırmışlar.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Diaspora